Siyasət 14:53 17.06.2022

Avropa Ukraynaya yetərincə dəstək vermir - Tofiq Zülfüqarov

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şults və İtaliya Baş naziri Mario Draginin Ukraynanın paytaxtı Kiyevə səfəri başa çatıb. Səfər çərçivəsində onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər və Kiyevi sonadək dəstəkləyəcəklərini bildiriblər. Makron Parisin Kiyevə silah tədarükünü artıracağını vəd edib. Almaniya da anoloji istiqamətdə növbəti dəfə vədlər verib. Yüksək ranqlı qonaqlar Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunun veriləcəyinə işarə vurublar. Ukrayna tərəfi isə ordunun Rusiya hücumlarına qarşı güclü müqavimətinin təşkilinin Qərbin verəcəyi silahlardan asılı olduğunu dilə gətirib. Zelenski bildirib ki, müttəfiqlərdən ilk növbədə ağır silahlar, müasir raket artileriyası, raketdən müdafiə sistemlərinin verilməsini gözləyir. 

Üç ölkə liderinin Kiyevə səfərini Qaynarinfo-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fonda Ukrayna üçün ciddi dəyişikliklərin olacağını gözləmir: "Ukraynaya Qərbin siyasi dəstəyi güclü olsa da, hərbi baxımdan dəstək yetərincə deyil. Kiyev vəd edilən silahların yalnız 10 faizini alıb. Bu baxımdan, hesab edirəm ki, 3 ölkə liderinin son səfəri də heç nəyi dəyişməyib. Vəziyyət Ukrayna üçün ciddi olaraq qalmaqdadır. Bundan öncə də Kiyevdə belə görüşlər baş verib. Avropa ölkələri liderlərinin Kiyevə bu sayaq səfərləri əslində daxili siyasət üçün istifadəyə hesablanmış addımlardır. Sadəcə olaraq, həmrəylik nümayiş etdirməklə bu və ya digər şəkildə daxildə öz reytinqlərini qaldırmaq üçün anoloji səfərlərdən yararlanırlar. Bu səfərlər Ukraynaya ciddi dəyişiklik gətirməyəcək”. 

Rüfət Sultan