Siyasət 13:08 29.09.2022

Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi? - Politoloq

Milli Təhlükəsizlik Şurasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçirilən iclasından sonra Şura tərəfindən yayılan yazılı açıqlamada bir sıra məsələlərlə yanaşı, bütün ölkələrə Şimali Kipir Türk Cumhuriyyətinin müstəqilliyinin tanınmasına çağırış edilib və Kipr türklərinin hüquqlarının bundan sonra da müdafiə olunacağı bildirilib. "ABŞ-ın Kipr respublikasına qarşı silah embarqosunu ləğv etmə qərarı müzakirə edildi. Şərqi Aralıq dənizində sülh və sabitliyə mənfi təsir göstərəcək bu qərardan geri dönməyə çağırışı edilib”, deyə sənəddə qeyd olunub. 

Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Ankaranın Şimali Kipr Türk Cümhuriyyətini tanımağa dəvət etməsi Qərbin ona yönəlik təhdidlərinə cavabdır: 

"Egey və Aralıq dənizi hövzəsində Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edir. Səhnə arxasında isə ABŞ və Yunanıstanı dəstəkləyən Avropa Birliyi var. Bütün bunlar da Türkiyəyə təzyiq olaraq düşünülüb. Hədəf də Türkiyənin güclənməsinin qarşısını almağa yönəlib. ABŞ üçün idarəolunun Türkiyə daha sərfəlidir. Ona görə də bir tərəfdən Yunanıstanı silahlandırmaqla onu Türkiyəyə qarşı müharibəyə qaldırmaq, diqqəti bura yönəltməklə Ankaranın hər baxımdan böyüməsinin qarşısını almaq və qarşıdakı seçkilərdə "Cümhur İttifaqını” məğlub etməyə çalışırlar. Ankara da ona cavab olaraq adekvat addımlar atır. Türkiyə bu kimi tələlərə düşməmək üçün dünyanı fakt qarşısında qoymaqla Şimali Kipr Türk Cümhuriyyətini tanımağa dəvət edir”. 



Ekspert bildirir ki, bu məsələ ilə bağlı prosesə cırtdan Ermənistanı da qoşurlar:

"Amma bu, Ermənistanın öz xoşu ilə deyil. Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatları da bu kontekstdə başa düşmək lazımdır. Erməni rəsmilərinin ABŞ və Fransaya intensiv səfərləri başlayıb. Yunanıstan xarici işlər naziri isə təcili qaydada İrəvana gəlib və buradan Azərbaycanı təhdid də edib”. 
 
Belə bir vəziyyətdə həmsöhbətimiz Şimali Kiprin müstəqilliyinin Bakı tərəfindən tanınmasını uyğun hesab etmir:

"Azərbaycan Qarabağ məsələsini doğru olaraq heç bir güc mərkəzilə müzakirə etmir. Regionda böyük oyunlar oynanılır və bu oyunlar Azərbaycana müəyyən təhlükələr yarada bilər. Belə bir həssas vəziyyətdə Bakının Şimali Kipri tanıması adekvat addımlara səbəb olar və Afina da Qarabağdakı separat rejimini tanıya bilər. Ona görə də bu məsələdə həssas olmalıyıq. Qarabağ məsələsinin regional və qlobal səviyyədə razılaşdırılmasına az zaman qalıb. Problemi həll edəndən sonra yəqin ki, Bakının ilk addımlarından biri Şimali Kiprin tanıması olacaq. Ancaq bu gün o gün deyil”. 

Rüfət Sultan