Amal Abuşov
İdman 12:43 09.02.2024

Azərbaycanda hakimləri niyə söyürlər?

Bir müddət bundan əvvəl Azərbaycandakı futbol hakimliyindən yazmışdım. Həmin vaxt hamımızı təəccübləndirən hadisə baş vermişdi. İllər sonra hakimlərimizi bir ətək pul töküb, Antalyaya təlim-məşq toplanışına aparmışdılar. Düşünmüşdük ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də hakimlərimiz Antalyada əcnəbi klubların oyunlarını idarə edəcək, yeni təcrübə qazanacaqlar. Amma bu düşüncəmiz özünü doğrultmamışdı.

Bizimkilər Türkiyənin kurort bölgəsində ancaq nəzəri məşğələlərlə kifayətlənmiş, otelin konfrans salonunda müzakirələr aparıb, trenajor zalında məşq etmiş, bir az da meydançada ora-bura qaçıb, geri qayıtmışdılar. Məlum olmuşdu ki, Türkiyə Futbol Federasiyası əcnəbi hakimlərin Antalyadakı yoxlama görüşlərində idarəçilik etməsinə icazə vermir, o cümlədən də Azərbaycandan gələn hakimlərin. Qardaşlığı bir kənara qoyub, TFF-nin öz "şinelindən” çıxan Barış Şimşəkə hörmət qoymamasına, onun rəhbərlik etdiyi hakimlərə güzəşt etməməsinə təəccüblənmişdik. Halbuki, bizimkilərə jest edilib, bir neçə oyun versəydilər, bundan təbliğat vasitəsi kimi də yararlanmaq olardı. Biz bilirik ki, AFFA belə pafoslu şeyləri çox sevir. 

Təkrar bu mövzuya qayıtmağım, hakimlik məsələsinə toxunmağım heç də səbəbsiz deyil. AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinə rəhbərlik edən Barış Şimşəkin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi artıq çoxlarına məlumdur. Təkcə meydanda söz sahibi olan hakimlər deyil, VAR-da oturanlar da kobud səhvlərə yol verirlər. Bu cür səhvlərin hamısının qərəzdən qaynaqlandığını iddia etmirəm. Həmin səhvlər qərəz deyilsə, bizim hakimlərin səviyyəsinin xeyli aşağı düşdüyünün bariz nümunəsidir. AFFA heç cür əsaslandıra bilməz ki, hakimlərə əcnəbi sədrin rəhbərlik etməsi hansı zərurətdən doğur.

Avstriyalı Fritz Stuxlikdən sonra hakimlərimizə rəhbərlik türkiyəli Barış Şimşəkə tapşırılıb. Di gəl ki, hakim səhvləri azalmır ki, azalmır. Dərd təkcə bu deyil. Son illər ortaya beynəlxalq səviyyəli normal hakim çıxara bilməmişik. Az-çox nəsə bacaranlar da köhnələrdi. Daha acınacaqlısı odur ki, ölkə daxilində də hakimlərə etibar sürətlə azalır. Bir tur "Sabah” bəyanat verir, o biri tur "Zirə” haqq səsini ucaldır, "Turan Tovuz”un şikayətləri isə bitib-tükənmək bilmir. Baxırsan ki, əksəriyyəti də haqlı olur. Qeyd etdiyim kimi, bu etirazlar hər biri hakimlərə olan etimadın tükənməsinin göstəricisidir.

Dərd orasındadır ki, hakimliklə bağlı problemlər təkcə Premyer Liqa ilə məhdudlaşmır. Hətta aşağı liqalarda, uşaq çempionatlarında bizim hakimlərə inan yoxdur. Bu həftə AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb. "Ümid” (Saatlı) komandası ilə görüşdə "Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxslər hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb. Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib. 

"Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar. AFFA U-10 Liqasında da hakim təhqir olunub. "Azəri” komandasının baş məşqçisi Elşən Əliyev "Lokomotiv” (Gəncə) ilə görüşdə texniki zona qaydalarını pozaraq meydana çıxıb. Ardınca ədalət təmsilçisini təhqir edib və ona qarşı əl-qol hərəkətləri etdiyi üçün 6 matçlıq diskvalifikasiya olunub.

Görünən odur ki, vəziyyət xeyli pisdir. Hakimlərə inanmırlar, onlara hücum çəkirlər, onları təhqir edirlər. Hətta uşaq liqalarında. AFFA bu məqama diqqət yetirməli, futbol hakimlərimizin nüfuzunun dibə vurmasının, onların etimad limitinin tükənməsinin qarşısı alınmalıdır. Sonra Türkiyədəki kimi bizdə də hakimlərin gözünün altını elə meydandaca qaraltmasınlar.

Amal Abuşov