Siyasət 14:36 30.09.2022

Bakı və İrəvanın sülh danışıqları (ŞƏRH)

Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcək. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.
 
"Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur", - nazirlikdən qeyd olunub.

Belə bir görüşün olacağını Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan da təsdiqləyib.
 
Qaynarinfo-ya açıqlamasında görüşü dəyərləndirən QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirib ki, Bayramovla Mirzoyan arasında keçiriləcək görüş iki ölkə arasında müxtəlif formatlı müzakirələrin növbəti mərhələsidir:


 
"Azərbaycanla Ermənistan arasında görüşlər 4 formatda aparılır. Bu görüşlər Azərbaycan Prezidentilə Ermənistan baş naziri arasında, baş nazirin müavinləri, Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəzilik Şurasının katini Armen Qriqoryan və iki ölkənin xarici işlər nazirləri arasında aparılır. Bu müzakirələrdə də bəzən vasitəçi iştirak edir, bəzən isə onlarsız keçir. Vasitəçilər qismində prosesə Avropa Birliyi, Rusiya, ABŞ, Fransa və Gürcüstan da qoşulur. Hazırda oktyabrın 2-də olacaq görüşlə bağlı mətbuatda bir neçə məqam diqqəti cəlb edir. Ermənistan mətbuatında tərəflər arasında sülh müzakirəsinin yeni mərhələyə keçməsilə bağlı iddialar səslənir. Sülh müqaviləsinin ilkin versiyasının hazırlandığı ilə bağlı xəbərlər gündəmə gəlir. Hətta erməni mətbuatı Nikol Paşinyanın oktyabrın 6-da Praqaya səfəri çərçivəsində həmin versiyanın onda olacağını da bildirir”. 

Ekspert qeyd edir ki, Bayramovla Mirzoyan arasındakı görüşdə ola bilsin sülh müqaviləsi üzrə müəyyən detalların daha ətraflı müzakirəsi baş tutacaq:

"Həmin görüşdə diplomatik baxımdan bəzi detalların hazırlanması, sülh sazişinin mətni ilə bağlı müəyyən məqamların müzkirəsi, müxtəlif detalların aydınlaşdırılması istiqamətində növbəti mərhələ hesab etmək olar. Bayramovla Mirzoyan ola bilsin İlham Əliyevlə Paşinyan arasında 4 gündən sonra olacaq Praqa görüşünün təxmini planı və gündəmini, hansı məsələlərin müzakirə olunacağını müzakirə edəcəklər. Digər tərəfdən də, həmin görüşdə sülh müqaviləsinin detalları, mövqelərin təkrar dəqiqləşdirilməsi də dartışıla bilər”.

Nazim Cəfərsoyun fikrincə, oktyabrın 2-də xarici işlər nazirləriarasında olacaq görüş əslində oktyabrın 6-da Praqada Əliyevlə Paşinyan arasında olması gözlənilən növbəti görüşə hazırlıq mahiyyəti daşıyır:

"Bayramovla Mirzoyanın görüşü də bu baxımdan Praqa görüşü öncəsi müəyyən diplomatik detalların planlaşdırılması baxımından önəmlidir”.

Rüfət Sultan