Aqşin YENİSEY
Dünya 09:45 23.09.2022

Çadra - müsəlmanın azadlıq bayraqları rolunda

1978-ci il islam inqilabı zamanı fransız filosof Mişel Fuko jurnalist qiyafəsində İrana gələrək ( ya da göndərilərək) şah ordusu ilə əliyalın döyüşən inqilabçıları görəndə İranı yeniləmək istəyən "müştərək iradə”yə heyran olduğunu yazmışdı. 

Fuko inqilabçı fransız babalarının ruhuna uyğun olaraq şahla birlikdə İranda totalitarizmin də yox olacağına o qədər inanmışdı ki, çörəyi pafosdan çıxan jurnalistə xas olan "İran: Ruhsuz Dünyanın Ruhu” kimi populist başlıqlarla bəzədilmiş yazılar göndərmişdi Fransa qəzetlərinə. 

O vaxt şirin quyruğu hələ təzə-təzə çıxırdı. Sonra o quyruq uzandı, fərdlərin boğazına dolandı; kişilərin əlindən şərab qədəhlərini aldı, qadınların başına çadra doladı və s. Bu gün isə o quyruq şirin öz boğazına dolanıb.  

Cənubumuzdakı şir öz quyruğu ilə boğuşur, şimalımızdakı ayı da öz pəncəsinin zibilinə düşüb. Yadıma Mirzə Ələkbər Sabirin "Əlbir olub bir ayı, bir şir ilə” misrasıyla başlayan təmsili düşür. Əslində, bu şeir coğrafiyamızın geosiyasi təsviridir. Bu gün həmin şirin və ayının başı bəladadır, indi əsas məsələ tülkünün nə düşündüyünü öyrənməkdir. Bu dəfə prosesin dovşanı biz deyilik, ermənilərdi. Bu dəfə də dovşanı tülkü aparsa, heç nə, döy başına, yan, Koroğlu!     

İnqilablar ölkəsinin övladı Mişel Fukonun diqqəti o vaxt bir məsələdən yayınırdı ki, İslam inqilabı ilə İranda bir köhnəlik (din) başqa bir köhnəliyi (şahlığı), həm də modren çağda yenilənməyə məhkum olan bir köhnəliyi devirmək üçün ayağa qalxmışdı. Mədəniyyət tarixinin ən dərin qatlarında fit çala-çala arxeoloqluq edən Fuko belə zamanında bu qədim ölkədə nələrin baş verdiyini düzgün qiymətləndirə bilməmişdi.   

İran yenidən çalxalanır, inqilab ərəfəsindədir. Bu dəfə inqilabın əllərdə yellənən bayraqları isə islam çadralarıdır. O çadralar ki, bir vaxtlar bu dövlətin qurulması üçün göylərə qaldırılmışdı, indi isə bu dövləti tarixin arxivinə göndərmək üçün dalğalanır.  

Məhəmməd Əmin Rəsulzadənin Stalin haqqından xatirələrində Stalin İran haqqında belə deyir: "Orada (İranda) nəinki respublika, konstitusiyalı monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir işdir. Sosializm və kommunizmin prinsiplərini oralarda tətbiq etməyə girişmək avantüradan başqa bir şey deyil”. Bütün dünyanı sosializm və kommunizm prinsipləri ilə yeniləmək üçün "dünya inqilabı”na hazırlaşan və bundan ötrü 59 ingilisi şəxsən öz əliylə öldürdüyünə görə öyünən qətiyyətli bir inqilabçı İrana gəlincə, oralarda heç bir yenilənmənin olmayacağı ümidsizliyinə qapılırdı. 

İran yenilənəcəkmi? Ümumiyyətlə, nə üçün Rusiya, Çin, İran, Türkiyə kimi böyük və mədəniyyət beşiyi olan Asiya ölkələrində modernizasiya prosesi texniki, mexaniki məsələ olaraq qaldı? İnsan haqları, demokratiya, söz və fikir azadlığı kimi modern dəyərlər qədim ənənələri üstələyə bilmədi? Nə üçün bu ölkələrdə cəmiyyət həmişə avtoritarizmə meyilləndi? Demokratikləşmə iddiaları xarici kəşfiyyat orqanlarının arzusu kimi qiymətləndirildi?

Siyasətin gələcəyinə, tarixin üfüqlərinə eqosunun binokulu ilə baxanlar nəzəri və praktik bilgilərin içindən ancaq şəxsi iddialara gərəkənləri seçənlər, analiz bacarığından məhrum beyinlər, adətən, bu sualların cavabında cəmiyyətin, xalqın yaxasını qırağa çəkərək, səbəbi yalnız hər kəsin görə və anlaya biləcəyi səthi qatda, birbaşa hakim zümrələrdə axtarırlar.

Halbuki…

Qərbdə dinin ictimai-sosial mövqeyinin  maarifçilik və modernizm kimi pozitivist hərəkatlarla zəiflədilməsindən sonra oralarda yaşayan insanları cəmiyyət halında həmrəy edən dəyərlər də dəyişdi. İnanc, adət-ənənə həmrəyliyinin yerinə söz və fikir azadlığı, rasionallıq, fərd, insan haqları, ictimai müqavilə, dünyəvilik, demokratiya, bərabərlik kimi anlayışlar gəldi. İqtisadi azadlıqlar dövləti vətəndaşdan, büdcəni şəxsi ciblərdən asılı vəziyyətə saldı. 

Bütün bunlar yuxarıda adını çəkdiyim qədim mədəniyyətlərin varisləri olan ölkələrdə aşağıların və yuxarıların qarşılıqlı istəksizliyi ucbatından baş vermədi. Bu ölkələrdə insanlar modern haqların, azadlıqların deyil, ənənəvi ümumi qorxuların ətrafında kollektivləşərək, təşkilatlanaraq yaşadılar.

Bu tip ölkələrdə iqtisadi azadlıqların olmaması, ya da ekstaktiv bazar qaydalarına uyğun olaraq, hakim düşüncə ilə dil tapmağa məcbur edilməsi vətəndaşı dövlətdən asılı vəziyyətdə saxladı. Kütlə dövlətə xilaskar gözüylə baxdı. O, xilas edəndə müqəddəsləşdirildi, xilas edə bilməyəndə daş-qalaq olundu. 
Hətta Covid pandemiyası dönəmində Slovaj Zizek kimi neomarksist Qərb filosofları belə Çin qapanmaları üzərindən avtoritar Asiya dövlət modellərini "bəy tərifinə” tutdular və belə bir sual qoydular ki, insanlara daha çox hansı lazımdır; qapalı sistemdə sağ qalmaq, yoxsa azadlıqda ölmək? Qərb insanı pandemiya dövründə də azadlığını seçdi, azadlığını ucuz ölümdən uca tutdu.   

Qədim və ümumi qorxuların yaratdığı həmrəylik insanları cəmiyyət deyil, icma halında yaşamağa məcbur etdi. İcmada yad, başqası, düşmən olmadığını göstərmək üçün oradakılara oxşamağa, oradakıların eynisi olmağa məhkumsan. İcmada kişilər hər şeyləri ilə bir-birilərini yamsılayırlar. Qadınlar şəxsi zövqlərinə və bədən ölçülərinə görə deyil, bir-birilərinə baxaraq geyinirlər. Cavan oğlanlar kütləvi şəkildə eyni formalı saqqala, saç düzümünə qulluq edirlər. Qızlar rəfiqələrinin xoşbəxliyinin eynisini istəyirlər. 

Sanki ictimai bir zavod var və bu zavod mövsümə uyğun insanlar istehsal edir. Belə bir zavod həqiqətən var, bu zavodun adı xalqın xarakterində üzə çıxan onun milli təfəkkürüdür. Bu zavodun yetirmələri dünya bazarından xarakterlərinin milliliyinə uyğun geyimləri alıb gətirdiyi kimi, xarakterlərinin milliliyinə uyğun hakimiyyət formaları da yaradırlar. 

İran, Rusiya, Türkiyə, Çin kimi qədim mədəniyyətin varisləri olan ölkələrdə avtoritarizmə meyil aşağıların gizli istəyidir ki, Fuko bunun adına biohakimiyyət deyirdi. Biohakimiyyətdən tələb olunan vəzifə yuxarıda adını çəkdiyimiz "ictimai zavod”un istehsal prosesini tənzimləməkdir.

Çünki bu ölkələrdə insanlar fərdi deyil, ümumi xoşbəxtliyə əsaslanan icma dəyərləri ətrafında həmrəy olduğu üçün hər kəsdə həm də o birinə nəzarət etmək, arxayın olmamaq, etibar etməmək, inanmamaq kimi gizli bir qorxu da var. Hətta bu icma həmrəyliyi "ac qonşuya yardım etmək” fəlsəfəsi üzərində qurulsa da, eyni zamanda ümumi inamsızlığı da müdrik bir xəbərdarlıq halına da salıb; "Qonşuya ümid olan şamsız yatar”. 

Adını çəkdiyimiz ölkələrdə avtoritarizmə meyil də bu icma həmrəyliyinin özü ilə gətirdiyi ümumi inamsızlıqdan güc alır. Necə? Primitiv bir nümunə: təsəvvür edin, sizin bir az artıq pulunuz var və siz evinizə əlində bir qab yeməklə gəlsə də, qonşunuza etibar etmirsiniz, çünki beyninizdə "qonşuya ümid olmamaq” kimi qədim bir kod yerləşdirilib. Pulu saxlamaq üçün qonşunuzun tanımadığı üçüncü bir adama verirsiniz. Sizdən xəbərsiz qonşunuz da sizə etibar etmədiyi üçün pulunu o üçüncü adamda gizlədir. Siz bir-birinizə inanmadığınız və etibar etmədiyiniz üçün bir-birinizdən xəbərsiz, əslində eyni adamda gizlənmiş və qorunmuş olursunuz. Sosioloqlar da bunu deyir, amma daha elmi, daha qəliz şəkildə. Onlar da – sözsüz ki, hamısı yox – avtoritarizmi yaradan səbəblərin başına ictimai etibarsızlığı, kütləvi inamsızlığı qoyurlar.

Avtoritarizmə meyilli olan cəmiyyətlərdə insanların bir-birinə etibar etməməsi, güvənməməsi nəticədə onların tək bir nəfərə etibar etməsinə, güvənməsinə gətirib çıxarır. 

Təkallahlılıq da belə yaranıb, hər yəhudi qəbiləsinin başqa bir Allaha inandığı çoxallahlılıq dövründə bir yəhudi o birinə inanmırdı, etibar etmirdi, nəticədə hamısı təklif olunan ümumi Allahın ətrafında birləşməyə məcbur oldular; ümumi inam, ümumi etibar və etiqad naminə. Təkallahçı peyğəmbərlər iddia edildiyi kimi, göydəkinin lütfü yox, aşağıdakıların sosial sifarişi idi.

Beləliklə, bir-birinizə etibar etməyib pulunuzu verdiyiniz şəxs sizi öz kapitalınızdan asılı vəziyyətə sala bilir, əgər ağıl sarıdan o da sizin tayınız deyilsə. Bunun üçün o, sizi bir-birinizə qorxu mənbəyi kimi təqdim edir. Beləliklə, siz başqasının əlində olan kapitalınızın əsarəti altında yaşamağa könüllü razı olursunuz və bu könüllülüyü xoşbəxtliyə çevirən sizin və pulunuzun başqası tərəfindən təmin olunan təhlükəsizliyidir. Buyurun, bu da sizə özünüzün yaratdığınız avtoritarizm. 
Ona görə də Rusiya, Çin, İran, Türkiyə kimi qədim ölkələrdə avtoritarizm daim qorxu amilini diri saxlamağa çalışır, daim məlum və naməlum təhlükə mənbələri yaradır, onları mütəmadi yeniləyir. Avtoritarizm özünü cəmiyyətin təhlükəsizliyinin qarantı imicinə soxur. Cürbəcür "düşmənlər” icad edir, bu "düşmənlərin” varlığı sizi təcavüzə uğramaq, işsiz, evsiz qalmaq qorxusu ilə əndişələndirir. Siz şizofren xəstələri kimi hər yerdə o düşməni axtarırsınız, hamıdan, hər kəsdən şübhələnirsiniz, beləliklə, bir-birinizə inamsızlığınız bir-birinizə düşmən gözü ilə baxmaq ehtiyatkarlığına çevrilir.

İngilis filosofu Tomas Hobbs, bəlkə də, adını çəkdiyim ölkələr üçün deyirdi: "İdarəetmə strategiyasını xalqın öz təhlükəsizlik qayğısı üzərində quran avtoritarizm xalqa bu qayğıdan azad olmaq üçün öz iradəsini monarxa təhvil verməkdə göydəndüşmə bir bəhanə olur”. Təhlükəsizlik qayğısından azad olma rahatlığı cəmiyyətdə ictimai etimad məsələsinin də əhəmiyyətini azaldır. 

2007-ci ildə Dünya Dəyərləri Anketinin 57 ölkə arasında apardığı sorğuda ümumi ictimai etimadın ən aşağı olduğu ikinci ölkə Türkiyə olmuşdu. Anketdə verilən "Sizcə, insanların əksəriyyətinə etibar etmək olarmı? Yoxsa başqaları ilə münasibət qurarkən və ya iş görmək istəyərkən çoxmu diqqətli olmaq lazımdır” sualına "insanların əksəriyyətinə etibar etmək olar” cavabını verənlərin nisbəti dünya üzrə orta hesabla 25,1 faizkən, Türkiyədə cəmi 4,8 faiz idi.

Azdırsa, birini də yazım. Dünya Dəyərləri Anketində "güclü lider vacib amildirmi” sualına dünya üzrə orta hesabla 38,1%, Türkiyədə isə 58,9% insan "çox yaxşı olardı” cavabını vermişdi.

Bu da bayaq dediyim, "Çin, Rusiya, İran, Türkiyə kimi ölkələrdə avtoritarizm aşağıların gizli istəyidir” iddiamın doğruluğunu sübut edir. 

Bu gün İran çalxalanır. Bu islam ölkəsində insan azadlığı uğrunda dalğalanan bayraqlar da islam çadrasıdır. İslam icma həmrəyliyinin simvolu olan bir atribut bu gün o həmrəyliyi yox etmək üçün göylərə qaldırılıb. Bəlkə də, icma, sadəcə, özünün könə "qabığını” dəyişmək istəyir…
 
Aqşin Yenisey