Siyasət 12:22 03.10.2022

Cenevrə görüşü münaqişənin həllinə təkan verəcəkmi? (ŞƏRH)

"Cenevrə görüşündən müsbət nəticə gözləmirəm”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında keçirilən görüşdən danışarkən deyib. 

Sabiq nazir "Cenevrə görüşünün prespektivləri barədə onda böyük şübhələr olduğunu vurğulayıb:



"Ermənistanın bəyanatına baxsaq görürük ki, Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Ermənistan xarici işlər naziri görüşüb, orada müzakirə olunan məsələlər və İrəvanın mövqeyi öz əksini tapıb. Birmənalı göstərilib ki, bu məsələ ilə bağlı Ermənistan çox sərt bir möqe tutmaqdadır. Digər köhnə mövqelərlə yanaşı, həm də belə bir mövqe sərgilənir ki, guya məlum videoda göstərilən kadrlar pislənməli və Azərbaycana qarşı hansısa tədbirlər görülməlidir və s. 

Cenevrədə olan görüşü birmənalı olaraq Ermənistanın öz köhnə siyasətinin davamı kimi qəbul eləməliyik. Vaxt almaq, real danışıqlara getməmək, müxtəlif bəhanələrlə sülh sazişinin əldə olunmasına maneələr törətmək və delimitasiya və demarkasiya prosesini uzatmaq... Ermənilərin istədiyi budur”.
 
Qeyd edək ki, ötən axşam İsveçrənin Cenevrə şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüşü keçirilib.

Bahar Rüstəmli