Dünya 16:31 27.03.2024

“Crocus”da baş verən terrordan sonra 95 nəfər itkin düşmüş hesab olunur – Baza

"Crocus City Hall”da itkin düşmüş ziyarətçilərin siyahısına 95 nəfər daxildir. 

Qaynarinfo "The İnsider”ə istinadən xəbər verir ki, bu barədə "Baza” məlumat yayıb.

"Baza” yazır ki, siyahı yaxınlarının müraciəti əsasında əməliyyat xidmətlərinin əməkdaşları tərəfindən tərtib edilib. Orada terror aktından sonra yaxınlarının əlaqə saxlaya bilmədiyi, ölən və yaralananlar siyahısında olmayan şəxslərin adları qeyd olunub.

Hazırda 140 ölüm faktı məlumdur - martın 27-də vəziyyəti son dərəcə ağır olan daha bir nəfər dünyasını dəyişib. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib ki, daha 4 nəfər eyni vəziyyətdədir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən ölənlərin siyahısında hələ də martın 26-sı saat 20:00-a olan məlumata görə, 120 nəfərin adı var.

Xatırladaq ki, martın 22-də axşam saatlarında "Crocus City Hall” konsert zalında terror aktı baş verib. "Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs insanlara atəş açıb. Hücum zamanı binada 6200-ə qədər insan ola bilərdi. Yanğın nəticəsində "Crocus City Hall” konsert zalının dam örtüyü tamamilə dağılıb.

Nizami Bağırov