Dünya 14:15 29.09.2022

Ərdoğan Putindən narazı qaldığını nümayiş etdirir - Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Ərdoğan bu barədə Türkiyə telekanallarına müsahibəsində deyib. 

Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o, Rusiya lideri ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan "referendum”ları müzakirə edəcək: "Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum bəla gətirir. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Cənab Putinə "Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Dostlarım əlaqə saxlayacaq və mən sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim”.

Ərdoğanın açıqlamasından göründüyü kimi, o, bu dəfə vasitəçilik missiyasında çox çətin durumla üz-üzədir. Yəqin ki, burada da məqsəd Putini keçirilən "referendum”dan sonra onun tanınması istiqamətində atacağı addımlardan çəkindirməkdir. Amma bunu etmək demək olar ki, mümkünsüzdür, Kreml sahibinin addımları həmin məsələdə Ərdoğanın məsləhətinə qulaq asaraq, onun geri çəkiləcəyini düşünməyə zərrə qədər də olsa əsas vermir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev öncə bildirir ki, "referendum” məsələsi Türkiyəni də çətin vəziyyətdə qoyub:



"Türkiyə Ukrayna müharibəsinin əvvəlindən çalışır ki, tərəflərin maksimum dərəcədə uzlaşmasına nail olsun. Amma təəssüf ki, Rusiya tərəfi atdığı addımdan geri çəkilməmək üçün vəziyyəti daha çıxılmaz bir duruma salıb. Görünən odur ki, prosesin bu cür inkişafından Türkiyə də ciddi şəkildə narahatdır. Prosesdə Türkiyənin oynadığı neytral mövqenin özü də sual altında qalır. Ona görə Türkiyə də prosesdən narazıdır”. 

Ekspertə görə, telefon danışığında Ərdoğan Putinə Rusiyanın üzləşə biləcəyi ssenarilərin anonsunu verəcək:

"Telefon danışığının məğzi də məhz bundan ibarətdir. Qərb daha ağır sanksiyalar tətbiq edəcək. Bu "referendum”dan sonra Ukrayna faktiki olaraq Rusiyanın özü ilə müharibə aparacaq. İndiyə kimi isə Rusiya Ukraynadakı saxta qurumlara hərbi dəstək verdiyini bəyan edirdi. Rusiya-Qərb qarşıdurması da öz fonunu dəyişəcək. Daha aqressiv Qərbi görəcəyik. Qərbin aqressivləşməsi isə gec-tez Türkiyənin də prosesə qoşulması demək olacaq. Nəticədə mövcud vəziyyətdə Ankaranın neytrallığı qoruması çətin olacaq. Ərdoğan yəqin ki, Putinə bunu da çatdıracaq. Bu baxımdan, Ərdoğan maksimum dərəcədə çalışacaq ki, Putini "referendumu” tanımaqdan geri çəkilməyə vadar etsin”.
 
Politoloq qeyd edir ki, Ərdoğanın bu addımı nəticə verməyəcək:

"Bu səylərin nəticəsi olmayacaq. Bu telefon zəngilə Ərdoğan Putini "referendum” məsələsində geri addım atmağa sövq edə bilməyəcək. Ciddi sanksiyalar fonunda belə Putin geri çəkilməyib”. 
 
Rüfət Sultan