Amal Abuşov
İdman 14:14 28.07.2022

Futbolçularımızdan razı qaldıq, Qurban bəy!

Qurban Qurbanovu tez-tez bir şeyə görə qınayırlar. Deyirlər ki, "Qarabağ” pis oynayanda da, məğlub olanda da çalışdırıcı futbolçularından razı qalır, onlara təşəkkür etməyi vacib bilir. Başqa cür necə ola bilər ki? Hər bir valideynə onun övladı əziz deyilmi? Atalar öz oğullarını səhv davranışları ilə də sevirlər, onlara sahib çıxırlar. Hansısa səhvə, yanlış davranışa görə kim övladını silib atır? Qurban Qurbanov da belədi, "Qarabağ”ın futbolçuları onun sevimli övladlarıdı. Elə hocanın ən böyük üstünlüyü də futbolçuları ilə qurduğu münasibət, onlara verdiyi dəyərdi.

Çox nadir hallarda Qurban bəyin futbolçularına əsəbləşdiyini, onlara elə meydanın kənarındaca, hamının gözü qarşısında acıqlandığını görürük. Belə hallar adətən hansısa futbolçu rəqiblə mübahisə edəndə, yersiz vərəqə alanda baş verir. Bəzən də Qurbanov özü də emosiyalarına qalib gələ bilmir, kobud səhvlərə çılğın reaksiya göstərir. Amma tez də üz ifadəsini dəyişir, meydandakı "Qarabağ”lılara inamla göstəriş verməyə başlayır. Yaxşı başa düşür ki, həmin anda bir səhvin üstünə düşüb, kiminsə qəlbini qırmağın yeri deyil. Əksinə, belə davranışlar futbolçunun motivasiyasını korlaya, növbəti və daha kobud səhvə səbəb ola bilər.

Futbolda çalışdırıcıların, evdə ataların əsas vəzifəsi heç də səhv tutmaq, ona görə kimisə danlamaq deyil. Ən doğrusu bu səhvi edənə onun aradan qaldırılması üçün dəstək vermək, doğru yolu göstərməkdi. Səhvə görə asıb-kəsməyə, kimisə komandadan (oxu: evdən) qovmağa nə var ki?! Böyüklərə yaraşan davranın səhvin səbəbini anlamaq, səhvi edənə dəstək olub, həmin səhvi aradan qaldırmağa nail olmaqdı. Bəli, Qurban Qurbanov belə kişilərdən, belə atalardan, belə baş məşqçilərdəndi. Elə bu keyfiyyətlərinin nəticəsidi ki, ortaya "Qarabağ” boyda komanda - əsər çıxara bilib. Əminəm ki, bu əsəri təkcə futbol biliyi və bacarığı sayəsində ortaya çıxarmayıb. Bu işdə ona güclü psixoloji hazırlıq, futbolçuları ilə dil tapmaq bacarığı, onlara sahib çıxacaq qədər böyüklüyə sahib olmasıdı.

Bu işdə ona güclü psixoloji hazırlıq, futbolçuları ilə dil tapmaq bacarığı, onlara sahib çıxacaq qədər böyüklüyü kömək olub. Polşa çempionu sıradan çıxarıldı, sonra İsveçrə çempionu gəldi. Onların da kürəyini yerə vurduq. Özü də hakimlərin həm Bakıdakı, həm də səfərdəki oyundakı hoqqalarına rəğmən. Sıra Macarıstan çempionundadı. Bizim Qurban Qurbanov, bizim "Qarabağ” bu çətinliyin öhdəsindən də gələcək. Milyonların ürəyi onlarla döyünür, dualarımız "Qarabağ”ladı.

Dünən bütün Azərbaycan "Qarabağ”dan, onun futbolçularından razı qaldı, Qurban bəy. Elə sizin kimi!

Amal Abuşov