Siyasət 16:46 13.09.2022

Gürcüstanın vasitəçiliyi Bakı və İrəvana nə vəd edir? (ŞƏRH)

Gürcüstanın hakim "Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Tiflis Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib.
 
O, bu istiqamətdə Gürcüstanın vasitəçiliyə hazır olduğunu deyib:
 
"Biz sülhdə maraqlıyıq. Əgər, Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”. 

Qeyd edək ki, Tiflis əvvəllər də Bakı ilə İrəvan arasında vasitəçilik edib. 2021-ci ilin iyunun 12-də məhz Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. Bir sözlə, bu istiqamətdə Tiflis müəyyən təcrübəyə  malikdir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Tural Rzayev Tiflisin vasitəçilik missiyasını yüksək qiymətləndirsə də, sülh müqaviləsi istiqamətində vasitəçi qismində əsas rolun Brüssellə Mosvaya məxsus olduğunu dedi:
 
"Tiflisin belə bir müsbət təcrübəsi var. Gürcüstan həm Ermənistanla Azərbaycan, həm də  Ermənistanla Türkiyə arasında vasitəçilik missiyasını əvvəllər də yerinə yetirib.  Düşünürəm ki, yenə də ən azından sürətli atəşkəsə nail olamq üçün Tiflis bu rolu öz üzərinə götürə bilər. Bakı ilə İrəvan arasında operativ olaraq hərbi əməliyyatların dayandırılması üçün ya Rusiya, ya da Gürcüstan üzərindən vasitəçilik missiyası baş tuta bilər. Bu dəfə həmin rolda Rusiya çıxış etdi. İndi də həmin missiyanı Gürcüstan üzərinə götürə bilər. Amma istənilən halda Tiflisin vasitəçiliyi sadəcə bir görüş funksiyası daşıyır. Gürcüstan sadəcə bir masa təklif edir ki, tərəflər orada əyləşib müzakirə aparsın. Həmin masada Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi, onun şərtləri yekunlaşdırılmalıdır. Əks halda nə qədər ki, sərhədlər delimitasiya olunmayıb, sərhədlər dəqiqləşməyib, hər zaman təxribatlar olacaq. Bunun qarşısını almaq üçün də birdəfəlik yekun sülh müqaviləsinin bağlanmasına çalışmaq lazımdır. Hazırda atəşkəs əldə olunub. Burada əsas məsələ Tiflisin təklif etdiyi masa deyil, əsas məsələ İrəvanın konstruktiv mövqe ortaya qoymasıdır. Burada isə Tiflisdən fərqli olaraq, Avropa İttifaqı ilə Rusiyanın daha çox rol almasını gözləyir və Moskvanın prosesə maneə  olmamasını istəyirik. Belə olan halda yekun sülh müqaviləsi əldə oluna bilər”. 

Rüfət Sultan