Amal Abuşov
İdman 10:20 29.05.2022

Qurbanovlar danışırsa...

Amal Abuşov

AFFA-nın yarıtmaz fəaliyyəti illərdi gözümüzün önündədi. Nəyisə yerli-yataqlı izah etməyə, hansısa gizlinlərin üstünü açmağa gərək yoxdu. Heç futboldan baş çıxarmaq, ciddi şəkildə prosesləri izləmək də lazım deyil.

 Milli komandalarımızın nəticələri, FİFA sıralamasında tutduğumuz yer, Avropanın ortabab çempionatlarında üzümüzü ağardacaq legionerlərimizin olmaması, yararsız əcnəbilərə Azərbaycan pasportunun verilib "milliləşdirilməsi”... Saymaqla bitməz. Bütün bu faktlar AFFA-nın Azərbaycan futboluna göstərdiyi "xidmətlərdi”. Özü də bu rəzil durum dövlətin futbola bitib-tükənməyən qayğılarının, hər il AFFA-ya ayrılan neft milyonlarının fonunda baş verir. Deməli, AFFA-nın başında oturanlar yarıtmaz, öz şəxsi mənafeyini düşünənlərdi. Başqa cür olsaydı, futbolumuz belə biabırçı durumda olmazdı.

İllərdi deyirik, yazırıq. Heyf ki, bütün bunları qələm əhlinin az bir qism vicdanlı kəsmindən başqa dilə gətirən yoxdu. Ömrünü Azərbaycan futboluna verən veteranlar da min bir üsulla susdurulub. Kimisini futbol cameəsindən küsdürüb uzaqlaşdırıblar. Müəyyən qismini də bir qarın çörəyə möhtac edib, müxtəlif qondarma komitələrdə, AFFA-nın nəzarətində olan klublarda iş (deməli, çörəkpulu) verib, susdurublar. Ara-sıra narazılar ortaya çıxır, kimsə etiraz edir. Çox keçmir ki, həmin o danışanların da səsi kəsilir. Bir də görürsən ki, dünən narazı olan futbol veteranı bu gün AFFA-nın şəninə tərif söyləyir. Başa düşürsən ki, adam AFFA ilə anlaşıb, tezliklə hansısa kabinetdəki kiçik masanın arxasındakı stulu və maaş kartını ona verəcəklər. Vəssalam.

Belə ənənələrə o qədər öyrəşmişik ki, futbol veteranlarından ciddi hərəkətlilik də gözləmirik. İş o yerə gəlib çatıb ki, kimsə danışanda, AFFA-dan narazılıq edəndə iş-maaş həvəsinə düşdüyünü düşünürsən. Etirazların içdən gəldiyinə, səmimi olduğuna inana bilmirsən. Bu cür vəziyyət də bir ayrı dərddi. AFFA-dakı məlum qruplaşma da belə bir durumdan məmnun idi. Əmin idilər ki, hansısa narazı futbol veteranı ortaya çıxıb, mövcud duruma etiraz etməyə başlasa, onu da Məşqçilər Komitəsinin "ağsaqqallarının” əli ilə susdurmağı bacaracaqlar. Çağırıb deyəcəklər ki, "nəyinə lazımdı, a kişi? Azərbaycan futbolunun dərdi sənə qalıb? Sakit dur, tezliklə sənə yaxşı bir iş tapacağıq, adın Elxan Məmmədovun stolunun üstündəki kağızdadı...”

Bütün bu gördüklərimiz bizi də ümidsizliyə qapadır, futbolumuzun gələcəyi barədə nikbin düşünməkdən çəkindirirdi. Deyəsən, vəziyyət dəyişmək üzrədi. İşləyən futbol adamları da artıq mövcud duruma susmur, narazılıq və narahatlıqlarını yavaş-yavaş dilə gətirməyə başlayırlar. Əvvəlcə Qurban Qurbanov danışdı. "Qarabağ”ın baş məşqçisinin kimdənsə nəsə umduğunu, hansısa şəxsi məqsədi üçün danışdığını iddia etməyə heç bir əsas yoxdu. Bu yaxınlarda ölkə başçısı tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılan Qurban bəyin AFFA ilə nə alacağı var, nə də verəcəyi. Adam səmimi şəkildə deyir ki, bu gedişlə Azərbaycan futbolunu yaxşı heç nə gözləmir. Ondan sonra İlqar Qurbanov da səssiz qalmayıb.

 "Qaynarinfo”nun izinə düşdüyü hadisədən siz də xəbərdarsız. AFFA-nın milli komandalara skaut təyin etdiyi İlqar bəy təhsil almaq, bilik və bacarıqlarını artırmaq arzusundadı. Kifayət qədər normal, mütərəqqi bir arzudu. O da çörəkpulu davası etsə, aldığı maaşın xətrinə susar. Qurbanov onsuz da AFFA-dan maaş alır. Özü də yetərincə samballı futbolçu karyerasına sahibdi, zamanında yaxşı pullar qazanıb. Deməli, onun mübarizəsi şəxsi və maddi maraqlar yox, haqq davasıdı. 
AFFA bu etirazları, narahatçılıqları eşitməli, onlarla hesablaşmalıdı. Artıq təkcə işsizlər və jurnalistlər danışmır. Sizin "cikinizə və bikinizə” yaxşı bələd olanlar da sükutu pozmağa başlayıb. Qəflət yuxusundan oyanın, bədnam əməllərinizdən əl çəkin!