Amal Abuşov
İdman 12:26 20.04.2022

Rəhimsiz qalan futbol hakimliyi

Amal Abuşov 

Azərbaycan futbolunun sayılıb-seçilən hakimlərindən olan, bizi FİFA referisi kimi Avropanın yaşıl meydanlarında uğurla təmsil edən Rəhim Həsənov ötən mövsümün sonunda karyerasını bitirdi. Elə həmin vaxt "həyacan təbili” çalmış, AFFA-nın istedadlı hakimi itirməmək üçün hərəkətə keçməli olduğunu yazmışdıq. Səsimizə səs verən olmadı. Həsənov cəmi 38 yaşında fitini bir kənara qoyub sevimli peşəsindən uzaqlaşdı. 

Avstriyalı sədr Fritz Stuxlikin ayağı Azərbaycana dəyəndən bəri hakimliyimiz böhran yaşayır. Ölkənin sayılıb-seçilən hakimlərindən olan Rəhim Həsənov karyerasını bitirib, Bakının orta məktəblərinin birində idman müəllimliyi edir. İstedadlı ilə hamı tərəfindən bəyənilən, UEFA-nın "talant qrupu”na daxil olan və birinci kateqoriyaya yiyələnən Əliyar Ağayev yerində sayır. Amma səlahiyyət sahiblərinin, bu sahəyə cavabdeh olanların heç vecinə də deyil. 

Premyer Liqanın son turu da hakim səhvləri ilə zəngin oldu. Bilirəm ki, bu cümlə artıq heç kimi təəccübləndirmir. Çünki çempionatımızın elə bir turu yoxdu ki, o turda hakim səhvləri azarkeşlərin əsəblərini korlamasın, komandaların haqqı yeyilməsin. Belə yerdə fitini yerə qoyub, hakimlikdən gedən Rəhim Həsənovun sözlərini xatırlayırsan: "Fritz Stuxlik hakimlərə deyirdi ki, səhv etməkdən qorxmayın, səhv edin, VAR Azərbaycana tez gəlsin". Sözsüz ki, burda maddi maraqlar, cib doldurmaq həvəsi ön plandadı. VAR-a pul ayrılsın, onu da ciblərinə doldursunlar. 

Artıq məqsədlərinə çatıblar. VAR-a pul ayrılıb da, xərclənib də. Amma texnologiyanın özü hələ ortalıqda yoxdu. Nə vaxt olacağı ilə bağlı dəqiq informasiya da verilmir. Günahı da pandemiyanın, Çindəki fabrik və zavodların işləməməsinin üstünə atırlar. Bəhanənizə quzu kəssinlər, özü də Avstriyadan gətirilmə. Onsuz da xaricilərdən ötrü sino gedirsiz. Siz öz marağınızın, cibinizin hayında. Klubların isə haqqı yeyilir. 

Ötən tur keçirilən "Qəbələ" - "Sumqayıt" oyununda qonaq komanda əllə də oynadı, "qırmızı-qaraları" itələyib, yerə də sərdilər. Amma bu qayda pozuntularının heç birisində hakimin fiti eşidilmədi. Qəbələdə qonağa hörmət qoydular, "Bakcell Arena"da qonaqların haqqı yeyildi. Heç kim başa düşmədi ki, "Sabah"ın vurduğu qol niyə sayılmalıdı. 

Günah hakimlərdə yox, hakimliyi bu günə salanlardadı. Normal təlim-məşq toplanışı keçməyən hakimlərdən nə gözləyirik ki?! Hərdən fikirləşirəm ki, doğrusunu Rəhim Həsənov etdi. Bu çirkabın içində qalmaqdansa, məktəbdə uşaqlara təhsil vermək daha savab işdi...