Dünya 19:32 28.09.2022

Rusiya Ukraynada nüvə silahından istifadə etsə... - Ekspert

Sentyabrın 23-dən 27-dək Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində bu ərazilərin Rusiyanın tərkibinə daxil olması ilə bağlı "referendumlar” keçirilib. Rusiya KİV-lərinin məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiyaya birləşməyə dəstəyi ən azı 87% təşkil edib. 

Moskvanın təşkil etdiyi bu "referendumu” Qərb tanımadığını bəyan edib. Hətta bu fonda bir tərəfdən həm Ukraynaya Qərb dəstəyi artır, həm də Rusiyaya qarşı yeni sanksiyalar gündəmə gəlib. Görünən odur ki, "referendum” məsələsi gərginliyi daha da artırıb. 

Buna gətirib çıxaran amillərdən biri də Kremlin keçirdiyi "referendum”lardan sonra həmin ərazilərə hücumların Rusiyaya hücum kimi dəyərləndirilməsi və şimal ölkəsinin nüvə silahına əl atacağı ilə bağlı səslənən hədələrdir. Putin özü bəyan etmişdi ki, "referendum"dan sonra bu ərazilərə hucum Rusiyaya hücum hesab ediləcək. Bu əsasda da o, nüvə silahından istifadə edə biləcəklərinə işarə vurub. Amma Qərb də öz tərəfindən Rusiyanın bu addımının cavabsız qalmayacağını bəyan edib. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Rusiyanın nüvə silahına əl atması nəzəri baxımdan mümkündür:
 


"Rusiya nüvə silahından istifadə edərsə, onu Belarus ərazisindən, özünün Ukraynaya yaxın olan ərazisindən də ata bilər. Hədəf də Ukraynanın yəqin ki, iri şəhərləri olacaq".

Amma ekspert qeyd edir ki, praktik baxımdan heç kim Rusiyaya nüvə silahına əl atmaq imkanı verməyəcək:

"Nüvə silahı ilə hədələmək Rusiyanın növbəti blefidir. Bu ehtimal çox azdır. Digər ölkələrin ərazisini işğal edib, özünə birləşdirmək beynəlxalq hüquqa, normalara ziddir. Dünya vəziyyətin ciddiliyini başa düşür. Martın 6-da Putin demişdi ki, heç zaman səfərbərliyə getməyəcək. Amma səfərbərliyə getdi və bu zaman Rusiyada qarşıdurma yarandı. Rusiya vətəndaşları xaricə köç edir. Ona görə də nüvə silahının işlədilməsi ehtimalını unudaq”. 

"Rusiyanın qarşısı alınmasa, növbəti dəfə nüvə silahından Polşa, Baltik ölkələrinə qarşı da istifadə edilə bilər. Blinken bəyan etdi ki, yaranmış vəziyyətdə artıq Ukraynaya bütün növ silahlardan istifadə etməyə razılıq verilib. Bu isə o deməkdir ki, Kiyev təhlükənin qarşısını almaq üçün istənilən addımı ata bilər”. 

Rüfət Sultan