Dünya 11:30 27.03.2024

Rusiyada COVID-19-a qarşı “Mir-19” adlı yeni dərman qeydə alındı

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi (FMBA) "Mir-19” anti-Covid dərmanı üçün daimi qeydiyyat şəhadətnaməsi alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS yazır.

Agentlik açıqlamasında Mir-19-un preklinik və klinik tədqiqatlarının onun effektivliyini və təhlükəsizliyini göstərdiyini qeyd edib. 2023-cü ilin sonunda mütəxəssislər dərmanın klinik sınaqlarının üçüncü mərhələsini tamamlayıblar. Nəticədə Rusiya Səhiyyə Nazirliyi dərman vasitəsinin tibbi istifadə üçün daimi qeydiyyat şəhadətnaməsi verib.

Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyinin N.F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin əməkdaşı bildirib ki, mərkəzin mütəxəssisləri Moskva Səhiyyə Departamenti ilə birlikdə orijinal antigen tərkibinə malik Sputnik V peyvəndinin pandemiyanın bütün dövrü ərzində effektivliyini qiymətləndiriblər. Məlum olub ki, dərman hələ də peyvənd olunmuş insanları qoruyur.

Tədqiqat nəticəsində məlum olub ki, Sputnik V virusun yeni variantlarının ortaya çıxması səbəbindən vaksinin infeksiyadan qorunma səviyyəsi dəyişsə də, ölümlərdən 90% və xəstəxanaya yerləşdirmələrdən 80%-dən çox qorunma təmin edib.

Alpər