Siyasət 18:45 26.09.2022

Volodinin təkliflərinə Bakı nə cavab verəcək? - Politoloq

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Qaynarinfo-ya açıqlamasında səfəri dəyərləndirən politoloq Elşən Mirzəoğlu bildirib ki, Volodinin səfəri Azərbaycanla Ermənistan arasında münasibətlərdə yaşanan müəyyən gərginlik baxımından ciddi əhəmiyyət kəsb edir:
 
"Düşünürəm ki, bu səfər zamanı bölgədə yaşanan gərginliyə Rusiyanın vasitəçiliyilə müəyyən mənada aydınlıq gətiriləcək. Belə bir mötəbər şəxsin Bakıya gəlməsi Azərbaycan-Rusiya münasibətlərində də ciddi əhəmiyyət kəsb edəcək. Amma bununla belə, ölkəmizi əsasən Rusiyanın mövcud problemin həllində oynaya biləcəyi rol daha çox maraqlandırır. Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd görüşünə getsə də, Paşinyan həmin tədbirdən yayınıb. Bu da böyük hədəflərin xəbərçisidir. Bu görüşdən yayınmaqla Paşinyan Rusiya, Türkiyə və Azərbaycanın təzyiqlərindən yayınmaq istəyib”. 

Həmsöhbətimiz Volodin tərəfindən belə bir səfərin Ermənistana olacağını da istisna etmir:

"Məhz həmin səfərdən sonra Ermənistanın mövcud problemlərin həllilə bağlı məsələdə mövqeyinə müəyyən aydınlıq gətiriləcək. Çünki Rusiya da delimitasiyada maraqlıdır. Bakı da həmçinin delimitasiya məsələsinə aydınlıq gətirilməsini istəyir. Volodinin səfəri zamanı bu məsələ də müzakirə oluna bilər”. 

Ekspert deyir ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərdə oynaya biləcəyi rola aydınlıq gətirməlidir:
 
"Amma səfər fonunda Bakının Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmaması məsələsi müzakirə edilməyəcək. Əsas məsələ Azərbaycanla  Ermənistan arasında münasibətlərdə Rusiyanın moderatorluğudur. Görüş fonunda Zəngəzur dəhlizi də müzakirə predmeti ola bilər”. 

Rüfət Sultan