Xəbər lenti

Dünya 20:55 26.04.2024

"Kilsənin Paşinyana gücü çatmayacaq" - Ekspert

"Kilsə fanatik kütlədən istifadə edib qarşıdurma yarada bilər. Lakin Paşinyanın kütləyə təsir imkanı kilsədən daha çoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov erməni katalikosu II Qaragenin əhalini Paşinyan iqtidarı ilə mübarizəyə səsləməsini şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, erməni toplumunun formalaşmasının əsasını kilsə qoyub və indiyə kimi də erməni toplumunu idarə edir:

"Azərbaycanın öz torpaqlarını azad etməsi məsələsinə ermənilər tərəfdən sadəcə ərazi məsələsi kimi baxmaq olmaz. Məsələ ondadır ki, erməni toplumunun mahiyyəti yaratdığı yalanlar üzərində qurulub. Bu yalanları da əsrlərdir erməni kilsəsi formalaşdırıb. Azərbaycanın torpaqları azad etməsi əslində ermənilər üçün məğlubiyyət hesab olunsa da, onlar bunu məğlubiyyət qəbul etmirdilər".
 
 

Ekspert bildirib ki, Paşinyan ermənilərin ideoloji silahlarını formalaşdıran kilsəni şovinist din xadimlərinin əlindən almaq istəyir:

"Bu zaman artıq ideoloji olaraq çökən erməni toplumu bir daha türklərə qarşı düşmən ruhunda formalaşmayacaq və bu yöndə gələcək planlar da olmayacaq. Kilsənin qorxduğu da  budur. Çünki kilsə və erməni lobbisi məhz  türklərə qarşı düşmənçilik ideologiyasından bəhrələnib öz yaşamlarını sürdürür”. 

Həmsöhbətimiz deyir ki, Paşinyan da toplumunu ideoloji olaraq zəhərləyən kilsədən ermənilərin canını qurtarmağa çalışır:

"Bu durumda kilsənin də öz yaşamı uğrunda mübarizəyə qalxması təbiidir. Amma Ermənistan güc strukturları Paşinyana tabedir. Sıravi erməninin hay-küy etməkdən başqa heç nəyə gücü çatmaz. Ən pis halda bir neçə erməni öləcək”. 

Qeyd edək ki, son zamanlar Ermənistanda kilsə ilə Paşinyan arasında ziddiyyətlər kəskin xarakter alıb. Paşinyanın sülh müqaviləsinin imzalanması istiqamətində atdığı və ya atmaq istədiyi addımlar erməni katolikosu II Qaragenin kəskin etirazı ilə qarşılanıb. Bu qarşıdurma xüsusən də 4 kəndin Azərbaycana qaytarılması fonunda daha da kəskinləşir. Belə bir vəziyyətdə bütün ermənilərin katolikosu II Qaregin xalqı hakimiyyətə qarşı birləşməyə çağırıb. O, bu barədə jurnalistlərlə söhbətində bildirib. II Qaregin erməniləri inam və ümidlərini itirməməyə, çətinliklər qarşısında təslim olmamağa, hakimiyyətə qarşı birləşməyə çağırıb. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->