Səbuhi Həsənov
İdman 13:47 30.05.2023

“Şamaxı” Şamaxı batan kimi batsa…

Azərbaycan Premyer Liqasında cari mövsümə yekun vuruldu. "Qarabağ” yenə də çempion titulunu qoruyub saxladı. Ağdam təmsilçisi Azərbaycanı növbəti dəfə Çempionlar Liqasında təmsil edəcək. Bu mövsüm iddiasını göstərən "Sabah” Premyer Liqanın gümüş medallarını qazandısa, "Neftçi” üçüncü oldu. Mövsümün sonlarına yaxın "Qəbələ” ilə "Zirə” arasında Konfrans Liqasına vəsiqə uğrunda ciddi mübarizə getdi. Sonda "Qəbələ” layiq olduğu yeri qazandı. İndi hər üç komanda Azərbaycanı Konfrans Liqasında üzüağ etməyə çalışacaq…

Avropa arenlarında boy göstərmək üçün yarışlara qoşulacaq klublarımızla yanaşı, bir də bu mövsüm Premyer Liqada qalmaq uğrunda döyüşənlər vardı. Söhbətin "Şamaxı”dan getdiyini yəqin ki anladınız. Son tura qədər elitada qalmaq üçün "Səbail”lə mübarizə bölgə təmsilçisi yalnız mövsümün axırınıcı matçında təslim oldu. "Səbail”ə 0:1 hesabı ilə uduzan Şamaxının eyniadlı komandası reqlamentə görə, növbəti "futbol ili”ndə Birinci Divizionda mübarizə aparmalıdır. Bir neçə ay öncə AFFA-nın reqlamentlə bağlı qəbul etdiyi qərar İcraiyyə Komitəsinin son iclasında təsdiqini taparsa, "Şamaxı”nın bu dəfə klub kimi batacağını təsəvvür etmək çətin deyil. Vaxtilə zəlzələnin yerlə yeksan etdiyi bölgəmizin təmsilçisi əslində, "batırılacaq” desək, yanılmarıq. Yəqin ki, bunun səbəblərinin nədən qaynaqlandığını yaxşı anlayırsınız. 

Futbol ictimaiyyəti yaxşı bilir ki, ölkədə Birinci Divizionun bataqlıqdan elə də ciddi fərqi yoxdur. Bu çempionatda oynayan komandalara maraq göstərilmir. "Bataqlığa” düşən futbolçular bir daha çıxa bilmir. Çünki Birinci Divizionda futbol oynayırsansa, böyük ehtimalla milliyə, yaxud Premyer Liqa klubarına da yolun bağlanmış olur. Yaşından asılı olmayaraq. Çünki peşəkar liqa hesab olunsa da, əslində, yarımpeşəkar, "yolaverdi” çempionat kimi görünən Birinci Divizion komandalarından milliyə futbolçu axtaran yoxdur. Heç AFFA da həmin liqanın peşəkarlaşması yönündə hansısa adımlar atmır. Qısası, Birinci Divizion Azərbaycanda üzdəniraq bir liqa sayılır ki, şübhəsiz, bunun da səbəbi həmin çempionatda baş verənlərdir. Yəqin ki, xatırlayırsınız, AFFA-nın İntizam Komitəsi bir neçə gün öncə Birinci Divizionda oyun alğı-satqısına görə MOİK-in 6 futbolçusunu diskvalifikasiya etdi. Əslində, bu, ilk deyildi. Çünki bir neçə ay əvvəl elə həmin klubun daha iki futbolçusu eyni səbəbdən futboldan birdəfəlik uzaqlaşdırılmışdı. Ümumiyyətlə, aşağı dəstədə zaman-zaman belə xoşagəlməz hadisələr yaşanıb. Dəfələrlə AFFA tərəfindən futbolçular cəzalanıb, futboldan "silinib”. Hələ yəqin ki, üzə çıxarılmayan bu cür manipulyasiya hadisələri də var. İndi təsəvvür edin Azərbaycan Premyer Liqasında sırf azərbaycanlılarla oynayan "Şamaxı” belə bataqlığa düşsə, hansısa inkişafdan söhbət gedə bilər?

Vaxtilə zəlzələnin bərbad günə qoyduğu bölgəmiz haqqında el arasında bir deyim var - "Şamaxı batan kimi…”. Bu dəfə klub kimi batırıla bilər, özü də məhz AFFA tərəfindən. "Şamaxı” batırılan kimi nə olacaq, bilirsiniz? Bir çox yerli futbolçular da batacaq… O boyda əziyyətlə inşa olunmuş stadion batacaq… Tribunaları hər oyun demək olar dolduran azarkeşlər batacaq… Bu bölgədə futbola olan maraq batacaq… Halbuki məsələn, lazımsız, mənasız "Səbail”dənsə futbolumuzda belə kluba ehtiyac var. Sözügedən bölgəmizdə futbola gələn azarkeşlərin heç yarısının yarısı qədər tərəfdarı olmayan "Səbail”dənsə, məhz "Şamaxı”ya ehtiyac var. Hə, ölkənin pulunu talayıb, mənasız, iddiasız, azərbaycanlılara futbol əvəzinə şortikinin altındakını göstərən legionerlərə yedirən klubdansa, məhz "Şamaxı”ya ehtiyac var… 

İndi təsəvvür edin, "Şamaxı” batan kimi nələr batırmış olacağıq? Məncə, bu suallar ətrafında düşünmək lazımdır. Nəinki düşünmək, hətta əməl etmək, məsələn, Premyer Liqa iştirakçılarının sayını 12-yə çatdırmaq lazımdır.

Səbuhi Həsənov