Ekonomiks 18:24 17.11.2023

188 yük daşıma xidməti rəhbəri cərimələnir - SƏBƏB?

"Azcargo Logistics and Management Services" MMC-nin baş direktoruna protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin rəhbəri və qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol yazılıb.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin protokolundan narazı qalan iş adamı Yasamal Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "Azcargo Logistics and Management Services" MMC 2013-cü ildən etibarən Bakıda və respublikamızın digər bölgələrdə logistika xidmətləri göstərir. Əsasən 188 yük daşıma xidməti kimi tanınır. 

Əhməd