Ölkə 11:34 15.07.2013

Kəmaləddin Heydərov üçün özəl gün

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bu gün ad günüdür.

Modern.az saytı xəbər verir ki, o, 52 yaşını qeyd edir.

K.Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonu Çeşməbasar kəndidnə anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji -kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə hallar naziri vəzifəsinə təyin edilib. Ailəlidir 2 övladı var.

Atası Fəttah Heydərov Naxçıvanda mühüm dövlət vəzifələrində çalışıb. 1983-cü ildə Naxçıvan MR mədəniyyət naziri işləyib. Hazırda Milli Məclisin deputatıdır.

Kəmaləddin Heydərov təkcə nazir kimi deyil, həm də bəstəkar kimi tanınıb. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Azərbaycanın fövqəladə hallar nazirinə məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyən nazirin nota köçürdüyü bəstələr belə demək olar ki, hətta peşəkar bəstəkarların musiqilərni kölgədə qoya bilir.

Kəmaləddin Heydərovun mahnılarını xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, müğənni Röya kimi tanınmış ifaçılar ifa ediblər. K.Heydərovun özü televerilişlərdəni birində bildirib ki, o, əvvəldən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını getməsini istəməyib, bəstələr “Kamal” imzası ilə tanınıb.

52 yaşlı nazir 2011-ci ildəki ad günündə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov da “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir.

T.Heydərovun həm də böyük biznesə rəhbərlik etdiyi, "Gilan" Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri olduğu bildirilir. Holdinqə daxil olan müxtəlif şirkətlər çeşidli məhsullar istehsal edir. Məsələn, Qəbələdki “Gilan” piano fabrikində Azərbaycanda piano istehsalının əsası qoyulub.

“Gilan” fabriki 2009-cu ilin sentyabrında 3 pianonun hazırlanması ilə fəaliyyətə başlayıb. Burada “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur.

“Gilan” piano fabrikinin rəsmi açılış mərasimi 2010-cu ilin fevralında olub. O zaman Prezident İlham Əliyevə fabrikdə istehsal olunmuş piano da bağışlanılıb. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu həm də mətbuatdakı tənqidi yazılara ən dözümlü nazir kimi də xarakterizə edirlər. Bəzi müxalifət və müstəqil media orqanlarında mütəmadi olaraq K.Heydərov və onun oğlanları haqqında tənqidi fikirlər, sərt ittihamlar yazılsa da, o, bəzi məmurlardan fərqli olaraq buna dözümlə yanaşıb, məhkəmələrə müraciət etməyib.

Qaynar.info