Xəbər lenti

Siyasət 14:34 10.11.2023

"3+3" Azərbaycanın region ölkələrilə əməkdaşlığına necə təsir edəcək?

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycan öz torpaqlarını azad etdikdən sonra, qarşıda duran əsas məqsədlərdən biri də bölgənin sülh, qarşılıqlı əməkdaşlıq, iqtisadi əlaqə və inkişaf bölgəsinə çevrilməsidir. Bu xüsusda region ölkələrilə əməkdaşlığı nəzərdə tutan 3+3 formatı mühüm rol oynaya bilər. Bu formatın təşəbbüskarı da Bakıdır. Bildiyimiz kimi, 3+3 formatında regionun 6 dövlətinin - Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, İran və Rusiyanın iştirakı nəzərdə tutulur. Düzdür, hələlik Tiflis Rusiya amili səbəbindən formata müsbət reaksiya verməyib. Amma bununla belə, birmənalı şəkildə aydındır ki, belə bir formatın işıq üzü görməsi bölgənin təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca vacibdir.  Onun mövcudluğu ilə bölgəmiz yan təsir və təzyiqlərdən xilas ola bilər. Başlıcası isə həmin layihə bölgənin güclü inkişafına təkan verəcək. 

Sözsüz ki, 3+3 formatı Azərbaycanın bölgə ölkələrilə siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığının inkişafına da güclü təkan verə bilər. 

Qeyd edək ki, Azərbaycanın iqtisadi-ticari əlaqələrində Türkiyə, Rusiya, Gürcüstan və İran mühüm yer tutur.  2022-ci ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 25,3 faiz artaraq 5 842 177,83 min dollar təşkil edib. Ölkəmizin xariclə ticarət dövriyyəsində üçüncü yerdə qərarlaşan Rusiya ilə də 2022-ci ildə ticarət dövriyyəsi 23,9 faiz artaraq 3 710 239,41 min dollar təşkil edib.

Görəsən, bu mənada 3+3 formatı Azərbaycanın region ölkələrilə əməkdaşlığına nə kimi töhfələr verə bilər? Onun mövcudluğu ölkəmizə hansı üstünlüklər verəcək? 

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, "3+3 formatı ölkə dövlətlərini əhatə edən vacib formatdır:

"Bu format Azərbaycanın təşəbbüsünün nəticəsidir. Azərbaycan çalışır ki, bölgə dövlətlərinin hamısının marağını təmin edəcək bir layihə ortaya qoysun və burada köhnə düşmənçiliyə son qoyaraq Ermənistan və İranın da prosesdə aktiv iştirakı təmin olunsun, bölgənin kommunikasiya xətləri açılsın. Bu layihə bölgənin hər bir dövlətinin marağına uyğun olaraq həyata keçiriləcək. Ona görə də layihə ilk növbədə kommunikasiya xətlərinin açılmasına xidmət edəcək. İkinci bir tərəfdən isə həmin format bölgə dövlətləri arasında münasibətlərin daha səviyyəli və təhlükəsizlik modeli əsasında qurulmasına imkan verəcək. Artıq kimsə müharibə ritorikası ilə danışmayacaq, kimsə bölgənin müəyyən problemlər yaşamasına risk edəcək addımlar atmayacaq. Bütün bunlar Azərbaycanın da maraqlarına cavab verir”. 


Həmsöhbətimizə görə, 3+3 formatının gerçəkləşməsilə nəhayət Azərbaycan sülh bölgəsində yaşayacaq:

"Bu istiqamətdə bir sıra açıqlamalar verilsə də, hələ ki, başlıca məqsəd bölgənin bu proseslərdə daha sağlam zəmində ayaqda tutulması, daha sağlam zəmində münasibətlər qurulmasıdır. Prosesin gerçəkləşməsi kommunikasiya xətlərinin önəmini də artıracaq. Eyni zamanda, bu, dünya dövlətlərinin bölgəmizlə bağlı müəyyən iqtisadi layihələri həyata keçirmələri üçün rəqabətə qoşulacağını da proqnozlaşdırmağa imkan verəcək. Çox güman ki, bu məsələlər 3+3 formatında ən vacib aktual məsələlər olaraq gündəmdə duracaq”.

Rüfət Sultan 
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->