Dünya 18:38 09.12.2023

5 saatlıq Putin-Rəisi danışıqları: İran prezidenti Rusiya liderinə hansı mesajları verib?

"İran prezidenti İbrahim Rəsinin Rusiya səfərinin nəticəsi olaraq önümüzdəki dövrdə bu iki ölkənin müxtəlif təşəbbüsləri gündəmə gələ bilər". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy İran prezidenti İbrahim Rəsinin Moskva səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, tərəflərin Zəngəzur dəhlizi, Şimal-Cənub dəhlizi ilə bağlı fəallığının artacağı, müxtəlif təkliflərin gündəmə gələ biləcəyini düşünür:

"Bakı ilə İrəvan arasında sülh müqaviləsilə bağlı İran və Rusiyanın reaksiyaları da gündəmə gələ bilər. Bu çərçivədə regional əməkdaşlıq formatlarının fəallaşmasını görə bilərik. Moskvadakı Xəzər sammiti bu fəallaşmanın nümunələrindən biri sayıla, 3+2 formatının inkişafı baş verə bilər. Zəngəzur dəhlizi ilə bağlı yeni layihələrin gündəmə gəlməsi də gözləniləndir".
 


Nazim Cəfərsoy vurğulayıb ki, hər bir səfərin mütləq hansısa addımların atılmasına xidmət edəcəyini gözləmək elə də doğru deyil:

"Ancaq Rəisinin Rusiyaya səfəri fonunda ən azından tərəflər müəyyən məsələləri müzakirə ediblər. Onların müzakirə etdikləri mövzular arasında bölgədə baş verən son proseslər, 3+2 formatında regional əməkdaşlıq, regionda Qərbin fəallaşması, Türkiyə-Rusiya-İran münasibətlərindəki müxtəlif fəallıqlar, Tehranla Moskva arasındakı ikitərəfli münasibətlər, Şimal-Cənub xətti, Orta Dəhliz, Zənəgzur məsələsi mühüm yer tuta bilər. Bu müzakirələrdə adətən 3 forma önə çıxır. Hər iki tərəf proseslərlə bağlı öz yanaşmalarını ortaya qoyur. İkincisi bu yanaşmada fərqli və üçüncüsü ortaq məqamlar önə çıxır və bu çərçivədə kordinasiya imkanları, mövqelərin yaxınlaşdırılması, aydınlaşdırılması prosesi gedir".

Qeyd edək ki, dekabrın 7-də İran prezidenti İbrahim Rəisi Moskvada səfərdə olub. Burada o, Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər arasında keçən görüş 5 saata yaxın davam edib. 

Rüfət Sultan