Siyasət 17:46 20.01.2023

6 aydan sonra Azərbaycanda siyasi mühit dəyişəcək - Partiyalara vaxt verildi

Siyasi partiyalar 6 ay müddətində "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunlaşmalıdırlar. 

Qaynarinfo xatırladır ki, yanvarın 11-də ölkə başçısı yeni qanunu təsdiq edib. Beləliklə, qanun qüvvəyə minib.

Yeni qanunda partiyaların qeydiyyatı üçün 5000 üzv tələb edilib. Azərbaycanda fəaliyyət göstərən əksər partiyaların isə bu və ya digər səbəblərdən üzvlük problemi var. Ölkədə fəaliyyət göstərən patiyaların əhəmiyyətli hissəsi bu tələbə cavab vermir. Qanun layihəsi müzakirə edilərkən də siyasi partiyaların ən çox etiraz etdiyi məhz üzvlük məsələsi ilə bağlı idi. 

Əldə etdiyimiz məlumatlara görə, partiyalara 6 ay vaxt verilməsi də əsasən üzvlüklə bağlıdır. Bu müddət ərzində üzvlərinin sayı qanunda göstəriləndən az olan partiyalar problemi həll etməlidirlər. Əks təqdirdə onlar qeydiyyata alınmaya bilər.

"Siyasi partiyalar haqqında" yeni qanun müzakirə edilərkən belə məlumatlar yayılmışdı ki, qanun qüvvəyə mindikdən sonra ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların qeydiyyatı ləğv ediləcək və onların yenidən qeydiyyata alınması prosesinı start veriləcək.

Lakin hakimiyyət siyasi fəaliyyətin məhdudlaşdırılması ilə bağlı ittihamların əsassız olduğunu göstərmək üçün bu addımı atmayıb. Partiyalara möhlət verilib və 6 ay müddətində onların qeydiyyatının ləğv edilməyəcəyi bildirilib. Bu mərhələdən hansı partiyaların keçəcəyi hələ bəlli deyil. Lakin ehtimallar var ki, bir neçə partiya üzvlük problemini həll etmək üçün birləşə bilər. 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də Qaynarinfo-ya partiyalara 6 ay vaxt verilməsini təsdiqləyib: "Belə bir məsələnin olacağı gözlənilirdi. Artıq 6 ay vaxt verilib. Bu müddət ərzində partiyaların qeydiyyatı ləğv olunmayacaq və onlar qanuni şəkildə fəaliyyət göstərəcklər. 6 aydan sonra isə yenidən qeydiyyat məsələsi gündəmə gələcək. Deyiblər ki, 6 ay ərzində yeni qanunun tələblərinə uyğunlaşmalısınız. Əslində bu yenidən qeydiyyat deməkdir".

Beləliklə, 6 aydan sonra Azərbaycanın siyasi spektrində dəyişikliklərin şahidi olacağıq. Bu dəyişikliyin Azərbaycanın siyasi mühiti üçün müsbət və ya mənfi nəticələrə səbəb olacağını isə zaman göstərəcək.

Seyid