Azər Rəşidoğlu
Siyasət 13:58 21.07.2022

ABŞ, AB, Rusiya, İran... – Ermənistana total sevginin kökündə dayanan sirr (TƏHLİL)

Azərbaycan müstəqilliyini əldə edən kimi Qərbə inteqrasiya yolunu seçdi. Bu, elə də asan deyildi. SSRİ dağılırdı, Rusiya qonşularına qarşı aqresiv siyasət yürüdürdü və Cənubi Qafqazın "açar ölkəsi” olan Azərbaycanın Avro-inteqrasiya seçimi Kremli qıcıqlandırırdı. 

Rusiya Qərbin Xəzərdə olmasına imkan verməyəcəyini açıq nümayiş etdirirdi. Bakı zəngin neft yataqlarının işlənməsində Qərblə əməkdaşlığa və demokratikləşmə, sovet mirasından imtinaya hazırlaşırdı. Rusiya Ermənistan vasitəsilə Qərbin Azərbaycana gəlişini əngəlləmək istəyirdi. Bu plan baş tutmayanda Moskva Azərbaycanda hərbi çevriliş senarisini işə saldı.

Rusiyanın çevriliş cəhdləri

1993-cü il iyunun 4-də Gəncədə Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Milli Qəhrəman Surət Hüseynov Qərblə əməkdaşlığa can atan Əbülfəz Elçibəy hakimiyyətinə qarşı qiyam qaldırdı. Elçibəyə neft müqavilələri bağlamağa imkan verilmədi. Lakin Kremlin cəhdləri müəyyən mənada uğursuzluğa düçar oldu. Azərbaycanda ruspərəst iqtidar formalaşdırmaq mümkün olmadı. Hakimiyyətə gələn Heydər Əliyev də Qərblə inteqrasiya yolunu seçdi. S.Hüseynov növbəti dəfə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı və bu dəfə qiyam alınmadı. Heydər Əliyev də 1999-cu ildə xarici jurnalistlərə müsahibəsində bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini açıq bəyan etdi.

Həmin dövrdə Afiyəddin Cəlilov, Şəmsi Rəhimovun qətli (bu məsələ ayrı təhlilin mövzusudur), MTN təcridxanasından 4 nəfərin qaçırılması məhz Rusiyanın "əl işi” idi. 1995–ci ildə XTPD (OMON) Azərbaycanda hərbi çevrilişə cəhd etdi. 
Sonrakı illərdə də Rusiya Azərbaycanda çevriliş planlarını işə saldı. Hətta Heydər Əliyevin fiziki baxımdan aradan götürülməsi senarisi də mövcud idi. Bütün bunlar niyə edilirdi? Məsələnin kökündə şəxslər dayanmırdı, Bakını Qərbə inteqrasiyasının qarşısını almaq üçün Azərbaycanı qorxutmaq planı işə düşmüşdü. Bu arada Ermənistan Rusiyanın əlində dəyənəyə çevrilmişdi və Azərbaycanda belə hesab edirdilər ki, Qərb Moskvanın vassalı olan, ABŞ-ın planlarına mane olan İrəvanı cəzalandıracaq. Amma tam əksi baş verdi. 

Qərbin erməni sevgisi

Bu gün də Azərbaycan balans siyasəti yürütməklə yanaşı, Qərbin strateji maraqlarına zərbələr vurmur. Azərbaycan Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə yer almır. Ermənistanın ən Qərbpərəst iqtidarı olan Paşinyan isə Moskvanın təhriki ilə Rusiyaya yardım edir, hətta KTMT ölkəsi kimi Qazaxıstana yeridilən qoşunun tərkibində olur. Ermənistan Rusiyanın forpostluğundan xilas ola bilmir. Belə olan təqdirdə sual yaranır – bütün bu baş verənlərdən sonra Qərbin Ermənistan sevgisi nədən qaynaqlanır?  

Öncə onu vurğulamaq lazım gəlir ki, Qərb svilizasiyası özü böhran içindədir. Erməni məsələsi Qərbin zəif damarıdır. Şübhəsiz ki, burada erməni diasporunun güclü fəaliyyəti, xiristian təəssübkeşliyi rol oynayır. Lakin görünən odur ki, Qərb üçün Ermənistan vazkeçilməzdir. Bu gün Qərb Ermənistanı Rusiyanın caynağından qopardıb, öz kolleksiyasını bəzəmək istəyir. Bu baxımdan, Rusiya və Qərbin ermənilərə münasibəti eynidir. Müsəlman - türk dünyasının ortasında qalan Ermənistan türk dünyasını parçalamaq üçün vasitədir. Ermənistandan bir kart olaraq həmişə türklərə qarşı istifadə olunub. Bütün bunların fonunda Qərb erməni məsləsinə gələndə ədalətli ola bilmir. Erməni amili Azərbaycanı üstələyir. 

Erməni diasporu ABŞ və Avropa ölkələrinin hökumətlərini Azərbaycan əleyhinə qərarlar qəbul etməyə məcbur etmək iqtidarında deyildi. Məsələ ondadır ki, ABŞ və Aİ-nin regionda öz strateji maraqları var. Bu maraqlar Ermənistanın və ya erməni diasporunun hansısa mənfəətinə, xristian birliyinin hansısa çağırışlarına qurban edilə bilməz. Hamı konkret dövlət maraqlarını müəyyən edir. Fransa parlamentinin Qarabağa dair qərarı Fransa cəmiyyətində Ermənistan-Azərbaycan münaqişəsinə əhval-ruhiyyəni nümayiş etdirir, lakin Parisdə hökumət tamamilə başqa, Fransanın maraqlarının diqtə etdiyi qərarları qəbul edir. Fransanın maraqları isə ondan ibarətdir ki, Qarabağda regionun inkişafına xidmət edəcək sülh bərqərar olsun. Bütün geosiyasi mərkəzlərin regional layihələrdə iştirakla bağlı maraqları var. İnvestisiya qoymaq, mal, xammal daşımaq, bir sözlə, iqtisadi dividend əldə etmək. Bütün müharibələr və siyasi səylər milli maraqların reallaşması ilə bağlıdır. Lakin Fransa Azərbaycanın güclənməsində də maraqlı deyil. Zəif ölkəyə investisya qoyanda daha ağır şərtlər diqtə etmək olur.

Erməni dilində danışan ABŞ....

Niyə ABŞ-da ermənilər bu qədər güclüdür? Niyə Vaşinqton erməni və PKK-ya bağlı kürdlərə bu qədər dəstək verir? Vurğuladığımız kimi, bu dəstəyi təkcə ABŞ vermir, bütün Qərb bu məsələdə eyni mövqedən çıxış edir. Səbəb isə odur ki, Qərbə güclü Türkiyə və Xəzərə çıxışda əsas ölkə olan güclü Azərbaycan lazım deyil. Vaşinqton da, Brüssel də istəyir ki, Türkiyə əvvəllər olduğu kimi, Qərbin vassalı olsun, Azərbaycan demokratik inkişaf yolunu seçib güclənməsin, korrupsiya və işsizlikdən təngə gəlsin ki, 60 milyonluq (30 milyon azərbaycanlı İranda yaşayır) Azərbaycan qurub, türk və müsəlman dünyasının avanqardına çevrilməsin. Qərb üçün balaca, heç bir inkişaf pespektivi olmayan, İlham Əliyevin təbirilə desək, "dalan Ermənistan” qorxulu deyil, böyük Azərbaycan isə qorxuludur. Problemin kökü bundan qaynaqlanır.

Erməni məsələsində Vaşinqtonun Türkiyəyə münasibəti də mühüm rol oynayır. ABŞ-la Türkiyə arasında münasibətlər hazırda pisləşib və ermənilər bu dəfə də alət rolunda çıxış edirlər. 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd uğursuzluğa uğradı. ABŞ 1962, 1963, 1969 və 1971-də də Türkiyədə hərbi çevriliş etmişdi. Ancaq 2016-cı ildə ortaya çıxan bu cəhd uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi. Vaxt vardı, Ankara Vaşinqton üçün ən mühüm nöqtə idi. O zaman ortada SSRİ təhlükəsi vardı. Qərb üçün real olan bu təhlükədən yayınmaq üçün NATO Türkiyə ilə sıx ilişki içində idi. Eyni zamanda, çəkinmədən Türkiyədəki siyasi proseslərə hərbi çevrilişlərlə müdaxilə də edirdi. İndi isə bunu edə bilmir və yaxud etmək istəmir. 

Reallıq nə deyir?

Ermənistana münasibətdə ABŞ, Avropa Birliyi, Rusiya, hətta şiə mərkəzi olan İran da eyni mövqedədir. Dünyanın reallığı budur. Bu reallıqlar daxilində öz maraqlarımızı qorumağa məhkumuq. Bəzi analitiklər iddia edir ki, Qərblə Türkiyə arasında münasibətlərin pozulmasının əsas səbəbi AKP-nin islamçı olması ilə bağlıdır. Bu amilin də məsələyə müəyyən təsiri var. Ancaq o təsir həlledici deyil. Birləşmiş Ştatlar ərəb ölkələrində radikal islamçıları dəstəkləyirlər. Deməli, burada söhbət Ərdoğanın mötədil islamına olan münasibətdən getmir. 

"Böyük Ermənistan” nağlı bitdi, amma göydən üç alma düşmədi

Ermənistan konstitusiyasının preambluasında Türkiyə əleyhinə cümlələr yer alıb. Burada Gürcüstanla bağlı da ərazi iddiaları var, Cavaxetiyada müəyyən qüvvələr vaxtaşırı bunu gündəmə gətirirlər. Ermənilərin qondarma "Böyük Ermənistan” layihəsi XVIII əsrdə əmələ gəlib. Müvafiq xəritələr təsis olunub. Artıq 300 ildir ki, bunun üzərində işləyirlər. Son 100 il ərzində ideyanı həyata keçirməyə əməli şəkildə başlanılıb. 1918-ci ildə Azərbaycanın İrəvan xanlığının torpaqlarında Ermənistanın yaradılması ilk addımlardan biri oldu. Bu layihəni Rusiya ilə bərabər Qərbdə də dəstəkləyən qüvvələr var. Xüsusilə Birinci Dünya Müharibəsində Osmanlı dövlətinə qarşı birləşən Antanta ölkələri planlaşdırırdılar ki, bu imperiyanı necə dağıtsınlar. Ermənistan layihəsi də məhz bu planın tərkib hissəsi idi. Bu gün Qərb Ermənistanı bölgənin ən inkişaf etmiş ölkəsinə çevirmək istəyir. Milyonlarla kredit hesabına türk-islam dünyasının içində "Qərb layihəsi” olmağa hazırlaşan Ermənistan yaratmaq  niyyəti göz önündədir. "Vəhşi türk və müsəlmanlar”dan fərqli olaraq "sivil və inkişaf etmiş” ermənilərin mövcudluğunu sübuta yetirmək üçün Qərb bütün addımları atacaq.

Cavabsız sual və puça çıxan ümidlər

Azərbaycan müstəqilliyini əldə edən gündən ABŞ Ermənistana maliyyə yardımı edib. Yardlımlar hətta "DQR” separatçılarına da şamil edilib. Bir sözlə, Rusiya bu 30 ildə erməniləri silahlandırıb, Qərb isə maliyyə yardımı edib. Belə olan halda, Rusiya ilə Qərbin Azərbaycana münasibətdə ciddi fərqi varmı? Ritorik sualdır...

Demokratiyanın dəfnində oxunan dualar

Qərbyönümlü müxalifətə Qərbin vurduğu zərbələr daha çox 2005-ci ilin parlament seçkilərindən sonra başlayıb. Sentyabrın 26-da ölkəmizdə keçirilən referendum bunu bir daha sübut etdi. Öndə olan əksər Qərb institutları konstitusiyaya edilən əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəklədilər, səsvermənin nəticələrini tanıdılar. İndiyə qədər belə bir hal müşahidə olunmamışdı. Ölkədə keçirilən istənilən seçkidən sonra beynəlxalq təşkilatlar arasında ikitirəlik yaranırdı. Bir qisim nəticələri tanıyır, digər tərəf sərt bəyanatlar səsləndirirdi. 2005-ci ildə Qərb institutları hökumətin yanında oldular. Bütün bunlar bəzi iddiaların meydana çıxmasına səbəb oldu. İddialardan biri ondan ibarətdir ki, Bakı Qərblə anlaşdığı üçün beynəlxalq təşkilatlar referendumda hakimiyyətin yanında yer alıblar. Digər bir iddia da ondan ibarət idi ki, Qərb Azərbaycan müxalifəti zəif olduğuna, passiv fəaliyyət göstərdiyinə görə onları müdafiə etmir. Lakin kənardan görünən bu idi ki, Qərb müxalifəti məqsədli şəkildə zəiflədir. Əlbəttə ki, Qərbin özünün ciddi siyasi maraqları var. Bu maraqlar Cənubi Qafqaz bölgəsini əhatə edir. Bu maraqların təmin edilməsi üçün Qərbin Azərbaycanda hakimiyyətlə əlaqələrə önəm verməsi anlaşılandır. Lakin...

"Müqəddəs yer boş qalmır” 

Demokratik institutlar sıradan çıxanda onun yerini dini və etnik separatizm doldurur. Bu gün radikal çağırışlar artır. Mötədil yanaşma sıradan çıxarılır. Bəlkə də elə Qərbə də bu lazımdır. Vətəndaş qarşıdurmasına başı qarışan ölkə güclənmək ehtimalından məhrum olur...

Azər Rəşidoğlu