Hüseynbala Səlimov
Dünya 10:51 02.05.2023

ABŞ Çin üçün, Çin isə ABŞ üçün nədir?

Əvvəlcə çox məşhur bir zarafatdan başlamaq istərdim. ABŞ-da soruşanda ki, Amerika universitetləri nədir, özləri cavab verirlər ki, rus professorlar və bir də çinli tələbələr...

Bu zarafat özündə ABŞ-Çin əlaqələrinin ciddi bir cəhətini ehtiva edir – ABŞ-da təhsil alan əcnəbi tələbələrin ən çox hissəsini elə həqiqətən də çinli tələbələr təşkil edir.

Sual yarana bilər ki, bəs bu detalı niyə xatırladıq? Çox sadə səbəbi var. Ukrayna müharibəsi başlayandan Rusiya Çini öz tərəfinə çəkmək istəyir. Əslində, belə cəhdlər bir az da əvvəldən başlayıb – hələ Şanxay ittifaqı yaranandan. Etiraf etmək lazımdır ki, okeanın o biri tayında, yəni ABŞ-da bu prosesləri ciddi şəkildə izləyirlər. Məsələ bundadır ki, ABŞ özündən başqa yalnız Çini fövqəldövlət kimi tanıyır. Səbəbi də budur ki, Çinin böyük əhalisi, nəhəng iqtisadiyyatı və yetərincə hərbi gücü var. 

Çin də təcrübədə Rusiya ilə daha çox anlaşdığını biruzə verir. Bir tərəfdən ona görə ki, ABŞ-da getdikcə belə fikirlər dolaşır: Vaşinqton üçün ən böyük təhdid "səmaaltı imperiyadan” gəlir. Belə bəyanatlar xüsusən də prezident Donald Trampın vaxtında intensivləşmişdi. Fəqət Bayden hakimiyyətə gələndən sonra vurğu yenə də Rusiyaya edildi. Ona görə ki, Moskva özü də bunun üçlün əsas verdi – Ukraynaya hücum etdi. 

Qeyd etmək lazımdır ki, Çinin də oxşar ambisiyaları var. Söhbət Tayvandan gedir. Belə fikirlər səslənir ki, Pekin də Moskvanın təcrübəsini təkrar etmək istəyir. Amma Çin Tayvana qarşı əzələ nümayiş etdirməkdə davam etsə də, hələ də bu səmtdə hərbi əməliyyatlara başlamağa qərar verə bilmir. Ona görə ki, tərəzinin bir gözündə Çinin qlobal iqtisadi maraqları, o biri gözündə isə Tayvandır. Çin heç vaxt ABŞ və Avropa kimi nəhəng iqtisadi bazarları itirmək istəməz. ABŞ-la Çinin ticarət dövriyyəsi 700-800 milyard dollar təşkil edir. Pekin bu boyda bazarı itirmək istəyirmi? Düşünürük ki, yox...

Təqsir Rusiyanın özündədir. Ukraynaya qarşı müharibəyə başlamamışdan Rusiya çox şeyi ciddi şəkildə araşdırmalı idi. Birincisi, ABŞ-la NATO-nun birgə hərbi büdcəsi iki trilyon dollardan artıqdır. Əslində, bu detal iqtisadiyyatı ABŞ-ın Kaliforniya ştatının iqtisadiyyatı qədər olmayan Rusiya üçün ciddi bir siqnal olmalı idi, çünki iki trilyon dollar çox böyük ədəddir. İkincisi, Ukraynaya hücum etməklə Rusiya heç də NATO-nun genişlənməsini dayandıra bilmədi, əksinə ciddi genişlənmə baş verdi. Bəli, demək olar ki, Moskvanın məqsədi daha çox postsovet məkanında güclənmək idi. Düzdür, amma Rusiya nəinki Ukraynanın avro-ehtiraslarını söndürə bilmədi, əksinə Moldovanı da NATO səmtində düşünməyə vadar etdi. Hazırda sonuncu dövlət dilinin adını rumın dili elan edib. Üstəlik, NATO-ya və Avropa İttifaqına daha qısa inteqrasiya yolu kimi Rumıniya ilə birləşməyə çalışır. Qeyd etmək lazım gəlir, Moldovanın indiki prezidenti Maya Sandu ölkəsinin Rumıniyaya birləşməsinin ciddi tərəfdarlarından biridir.

Bir sözlə, indi çox ciddi geosiyasi proseslər gedir. Ən əsas iddiaçı aktorlardan biri – Rusiya proseslərdən özü üçün ciddi nəticələr çıxarmalı və heç vaxt bacarmadığı bir şeyi etməlidir – öz iddilarını imkanlarına uyğunlaşdırmalıdır. Rusiya heç vaxt bunu bacarmayıb, indi də bacarmır. Bir az əvvəl dedik ki, Ukraynaya hücum etməklə Rusiyanın maraqları əslində NATO-nun genişlənməsinin qarşısını almaq yox, post-sovet məkanında güclənmək idi. Amma sual olunur: bəs onda Rusiya Suriyada nə edir? Elə məsələ də bundadır ki, Rusiya imperiyasının yüz illərlə hədəfi bu olub – Yaxın Şərqə, İran körfəzinə çıxmaq. Amma bir daha deyirik ki, Moskva iddiları ilə imkanlarını tutuşdurmalıdır. Əks təqdirdə çox pis olacaq...

Hüseynbala Səlimov