Dünya 15:22 02.03.2024

ABŞ Ermənistanda hərbi baza yaradır? (ŞƏRH)

"İrəvanda ABŞ-ın hərbi bazasının olması üçün Ermənistan qanunvericiliyində dəyişiklik olmalıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev rusiyalı hərbi ekspert İqor Korotçenkonun Ermənistanda ABŞ hətbi hava bazasının yaradılacağı barədə fikirlərini şərh edərkən deyib.

Cümşüd Nuriyev bildirib ki, bir ölkənin ərazisində ancaq bir digər dövlətin hərbi bazası ola bilər:

"Rusiyanın Ermənistanda hərbi bazası var. Həm də Ermənistan sərhədini, Zvartnos aeroportu daxil olmaqla Kreml qoruyur. Belə bir şəraitdə ABŞ-ın orada hansısa bir hərbi baza yaratması ehtimalı sıfıra bərabərdir. Görünən odur ki, Paşinyan devriləcəyini anladığından, xaricdə sığınacaq almaq üçün var-gəl edir. Bu da erməni xislətindən doğan hiyləgərlikdir".



Həmsöhbətimiz deyir ki, Paşinyan ölkəsində ABŞ hərbi bazalarına yer ayırsa, bu vəziyyət ən azından Ermənistan daxilində növbəti müharibəyə rəvac verəcək:

"Moskva Ukraynanın heyifini Ermənistandan çıxacaq və ən qısa müddətə Paşinyan hakimiyyətini devirib, özünə sadiq olan qüvvəni iqtidara gətirəcək. Hətta Rusiya Dövlət Dumasının komitə sədri Pyotr Tolstoy elan edib ki, ölkənin də adı Ermənistan yox, Qərbi Azərbaycan adlanacaq. Hərbi ekspert Korotçenko bu açıqlama ilə əslində Rusiyanın müvafiq hərbi qurumlarına hərəkətə keçmələri üçün mesaj ötürür".

Qeyd edək ki, rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanda ABŞ-ın hərbi hava bazasının yaradıla biləcəyinin anonsunu verib. Onun fikrincə, bu istiqamətdə artıq toxum da səpilir. Ekspert buna misal olaraq ABŞ hərbi attaşesinin Loriyə "humanitar yardım" aparmasına diqqət çəkib:

"ABŞ-ın İrəvandakı hərbi attaşesi, polkovnik Kevin Stil və ABŞ səfirliyinin Müdafiə Əməkdaşlıq İdarəsinin nümayəndələri Lori vilayətinin qubernatoru Aram Kazaryanla görüşüblər və 40 tondan çox "humanitar yardım" məsələsini müzakirə ediblər. Mixail Qorbaçovun dediyi kimi, "Proses başlayıb!". Amerikanın hərbi kəşfiyyatı və humanitar yardımı məhz bundan ibarətdir! Nensi Pelosinin İrəvanda necə qarşılandığını xatırlayaq - Sovet dövründə İrəvanda hətta Brejnev belə qarşılanmamışdı".

Rüfət Sultan