Dünya 16:27 20.01.2023

ABŞ-ın F-16 qırıcılarını Ankaraya verməsi bunlardan asılı olacaq - Türkiyə mediası

ABŞ-ın F-16 qırıcılarının Türkiyəyə satışı Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq etməsindən asılı olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyyət” qəzeti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında Vaşinqtonda danışıqların yekunları üzrə məlumat yayıb.

Türkiyəyə F-16-nın satışı ilə bağlı razılaşma ABŞ Konqresi tərəfindən təsdiqlənmir. Eyni zamanda ABŞ prezidenti Co Baydenin administrasiyası Ankaraya qırıcıların satışına nail olmaq niyyətindədir. Bununla belə, Mövlud Çavuşoğlunun xəbər verdiyi kimi, Vaşinqtonda keçirilən görüşdə ABŞ tərəfi Türkiyənin Finlandiya və İsveçin NATO-ya müraciətlərini təsdiqləyəcəyi təqdirdə F-16-ların satışı məsələsinin xeyli sürətləndirilə biləcəyini vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri də bu əlaqəni vurğulayıb, lakin əksini qeyd edib: onun fikrincə, F-16 tədarükü sövdələşməsinin həyata keçirilməsi Stokholm və Helsinkinin alyansa qoşulması məsələsinə müsbət təsir göstərə bilər. Türkiyə bu ölkələri terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə sığınacaq verməkdə ittiham edir.

"Hürriyet” qeyd edir ki, F-16-nın satışı ilə bağlı qərar təkcə Finlandiya və İsveçin müqavilələri ratifikasiya etməsindən deyil, həm də Ukraynadakı hadisələrdən, Türkiyədəki seçkilərdən və Ankaranın Suriya ilə münasibətindən asılıdır. Qəzet yazır ki, ABŞ Konqresinin üzvləri bu amillərə əsaslanaraq qərar qəbul edirlər.

Türkiyə 2021-ci ilin oktyabrında F-16 almaq istəyini açıqlayıb. Bu, Ankaranın ABŞ-ın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırılmasından sonra baş verib. Vaşinqtonun F-35 qırıcılarla bağlı imtinasının səbəbi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alması olub. 

Daha sonra Co Bayden F-16-ların Türkiyəyə göndərilməsinin ABŞ-ın maraqlarına uyğun olduğunu bildirib. The Wall Street Journal-ın yazdığına görə, Co Bayden administrasiyası 40 ədəd F-16-nın tədarükü və Türkiyədə olan 79 qırıcının modernləşdirilməsi üçün Konqresdən icazə almaq niyyətindədir.

Nizami Bağırov