Dünya 17:26 07.11.2022

ABŞ-ın neft və qaz şirkətləri altı ayda rekord məbləğdə - 200 milyard dollar qazanıblar

Ukraynada müharibə başlayandan bəri dünya Rusiyanın neft və qaz satışından nə qədər qazandığına çox diqqət yetirir. Lakin neftin qiymətinin yüksək olması, ABŞ-ın enerji resurslarına tələbatının artması (ilk növbədə Rusiyadan tədarükdən qurtulmağa çalışan Avropa), həmçinin korporativ investisiyaların məhdudlaşdırılması səbəbi ilə ABŞ neft və qaz şirkətləri böyük gəlirlər əldə ediblər.  

Qaynarinfo xəbər verir ki, "Financial Times” üçün "S&P Global Commodity Insights” tərəfindən hazırlanmış hesabatlara əsasən, II və III rüblərdə ABŞ-ın publik neft-qaz şirkətlərinin ümumi xalis mənfəəti 200,24 milyard dollar təşkil edib.

Apreldən sentyabr ayına qədər olan altı aylıq dövr ABŞ neft və qaz şirkətləri üçün tarixdə ən sərfəli dövr olub. İlin sonunda neft-qaz sənayesi də maksimum nəticə göstərə bilər.

S&P-nin fond bazarı araşdırmaları üzrə icraçı direktoru Hassan El-Touri FT-yə bildirib ki, ilin sonuna qədər əməliyyat pul vəsaitlərinin hərəkəti rekord həddə çata və ya ən azı buna çox yaxın ola bilər.

II-III rüblərdə "Brent" markalı neftin orta qiyməti bir barel üçün 105 dollardan çox olduğu halda, əvvəlki beş ildə 70 dollar olub. Mart ayında, Ukraynada müharibə başlayandan qısa müddət sonra qiymət bir barel üçün 140 dollara qədər yüksəlib.

ABŞ Enerji İnformasiya Administrasiyasının proqnozuna görə, bütün 2022-ci il üçün "Brent" orta hesabla 102,09 dollar, WTI isə 95,74 dollar olacaq. O, ABŞ-da neft hasilatını bu il sutkada 11,75 milyon barel, gələn il isə 12,36 milyon barel (böhrandan əvvəlki 2019-cu ildə müəyyən edilmiş rekorddan yüksək) gözləyir.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, ölkədə oktyabr ayında neft hasilatı gündəlik 9,9 milyon barel olub. Artıq bir neçə aydır ki, bu rəqəm təkrarlanır. Onun sözlərinə görə, noyabrda eyni səviyyə gözlənilir, dekabrda isə Aİ-nin sanksiyalarına görə düzəlişlər mümkündür.

"Bloomberg” iyunda proqnozlaşdırdığı kimi, Rusiya 2022-ci ildə enerji ixracından təxminən 285 milyard dollar əldə edəcək, baxmayaraq ki, apreldə agentlik bu rəqəmin 321 milyard dollar olacağını gözləyirdi. Yekun rəqəm bundan da az ola bilər. İlin ikinci yarısında "Qazprom" Avropaya nəqli kəskin şəkildə azaldıb (payızda tədarüklər 2021-ci ilin eyni dövrü ilə müqayisədə 70% azalıb). "Bloomberg” hesablamalarına görə, sentyabrda Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər avqust ayı ilə müqayisədə 17% azalaraq 15,3 milyard dollar təşkil edib, bu ilin ən aşağı göstəricisidir. 

Enerji və təmiz hava araşdırmaları mərkəzinin məlumatına görə, fevralın 24-dən etibarən təkcə Aİ ölkələri Rusiyaya enerji resurslarına görə 108,7 milyard avro, o cümlədən neft və qaz tədarükü üçün 105,5 milyard avro ödəyib.

Bütün bu rəqəmlər Rusiya şirkətlərinin xalis mənfəəti deyil, ixrac gəlirləridir.

Digər səbəblərlə yanaşı, məhz maliyyə nizam-intizamı ABŞ şirkətlərinə böyük gəlir əldə etməyə kömək edib. Son on ildə şist istehsalçıları borcu yığıb istehsalın genişləndirilməsinə böyük sərmayə yatırdıqdan sonra son illərdə investorlar onlardan qənaət və divident tələb edirlər. Yaşıl keçidlə bağlı qeyri-müəyyənlik də rol oynayır. Məsələn, Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, Paris sazişinin qlobal temperaturun yüksəlməsini məhdudlaşdıran məqsədlərinə nail olmaq üçün yeni neft yataqlarının işlənməsinə başlamaq lazım deyil.

ABŞ prezidenti Co Bayden bu yaxınlarda neft şirkətlərini istehlakçılara neft məhsullarının qiymətini aşağı salmaq üçün hasilatı artırmağa çağırıb. Əks halda, o, Ağ Evin Konqreslə birlikdə neftçilərdən əlavə vergi almağa çalışacağı ilə hədələyib. Amma bunun ehtimalı azdır.

Baydenin sözlərinə cavab olaraq, "Exxon Mobil”in baş direktoru Darren Vuds bildirib ki, "şirkətin rekord rüblük qazancından divident ödəmək mənfəətimizin bir hissəsini birbaşa Amerika xalqına vermək” kimi qiymətləndirilə bilər.

Nizami Bağırov