Dünya 12:12 25.03.2024

"ABŞ-ın Ukraynaya dəstəyi artacaq" - Ekspert

"Krokus Siti Hall"da baş verən olay ABŞ Konqresinin Ukraynaya dəstək məsələsinə müsbət rəy verməsinə səbəb olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. Ekspert vurğulayıb ki, ABŞ belə məsələlərə müsbət cavab verir:

"Bu dəfə də belə olacaq. Rusiyada baş verən son hadisələrə nəzər salsaq, ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya dəstək məsələsinə müsbət cavab verəcəyi ehtimalı daha böyükdür. "Krokus Siti Hall"da baş verən hadisədən sonra Moskva tərəfindən Ukraynaya yönəlik hədələrin artması və bu ölkəyə hazırlanan yeni geniş miqyaslı hücum təhlükəsi fonunda ABŞ-ın Nümayəndələr Palatasının Kiyevə dəstək məsələsində mövqeyində nəhayət ki, müsbət dəyişiklik baş verəcək. Bu fonda da düşünürəm ki, Pasxa bayramından sonra ABŞ Konqresi sözügedən məsələyə baxaraq, Ukraynaya dəstəyə səs verəcək".



Ekspert vurğulayıb ki, ABŞ-ın Ukraynaya dəstəyi daha da genişlənəcək:

"Mövcud vəziyyət yəqin ki, sözügedən məsələnin əleyhinə olan konqresmelərə Ukraynaya yardımı ləngitməyin artıq yersiz olduğunu anladacaq. Çünki Moskva ətrafındakı son hadisə fonunda yardımın bundan sonra da gecikdirilməsi ABŞ-ın özünün ziyanına işləyəcək".

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Pasxa bayramından dərhal sonra Ukraynaya yardım haqqında qanun layihəsinə səsvermə keçirməyə hazırlaşır. Bunu Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı konqresmen Maykl Makkol CBS telekanalının Face the Nation proqramına müsahibəsində deyib:

"O, bunu Pasxa bayramından sonra səsverməyə çıxarmağı öhdəsinə götürdü və biz bu qanun layihəsi üzərində işləyirik". 

Konqresmenin fikrincə, Ukraynanı dəstəkləməkdən imtina ABŞ-ı zəiflədə bilər:

"Əfqanıstanda olduğu kimi Ukraynada da uduzsaq, Putinə uduzsaq, onun Ukraynanı, Moldovanı, Gürcüstanı almasına icazə versək, Əfqanıstandakı kimi müttəfiqlərimizi tərk etsək, bu, ABŞ-ı daha güclü və ya zəif edəcək? Mən daha zəif hesab edirəm". 

Xatırladaq ki, ABŞ hökuməti Ukraynaya 60 milyard dollarlıq yardım paketi göndərmək istəyir. Lakin Konqresin respublikaçı çoxluğu hələlik bu layihənin gerçəkləşməsinə imkan vermir. 

Rüfət Sultan