Dünya 14:25 28.03.2023

ABŞ itirilmiş ərazilərin Kiyevə qaytarılması üçün strategiyanı sərtləşdirəcək

Birləşmiş Ştatlar Kiyevin işğal edilən ərazilərinin qaytarılmasına nail ola bilməsi üçün Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı strategiyasını sərtləşdirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Tayms” qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazır.
 
"Biz Ukraynanın qalib gəlməsini və bütün ərazisinin əldə saxlanılmasını istəyirik. Məqsəd onun suverenliyini və müstəqilliyini təmin etməkdir və bu, bütün torpaqların geri qaytarılması demək olacaq”.

Əvvəllər ABŞ-ın məqsədi Rusiyanın məğlubiyyəti deyil, Ukraynanı qorumaq və diplomatik danışıqlara başladıqda Kiyevin güclü hərbi mövqedən çıxış etməsini təmin etməkdən ibarət idi. Konqresmen Set Multon iddia edirdi ki, Vaşinqton "Rusiyanın böyük məğlubiyyətini istəmir”, çünki bu, dünya sabitliyini poza bilər. "Əslində biz Rusiyanın biabırçı məğlubiyyəti və bütün hökumətin süqutunu arzulamırıq” – konqressmen deyib. 

Lakin cəbhədə baş verənləri və mülki şəxslərə qarşı davam edən hücumları nəzərə alaraq, ABŞ-ın strategiyası dəyişib. "Biz Ukrayna xalqına qarşı yeni dəhşətli zərbələr görürük və Rusiya danışıqlara maraq göstərmir. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, biz Ukraynanın müstəqil, demokratik ölkə kimi sağ qalması üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - mənbə bildirib.

Ağ Evdən qeyd ediblər ki, ABŞ və müttəfiqlərinin Ukraynaya verdiyi silahlar fevralın 24-dən əvvəlki tədarüklərlə müqayisədə daha təkmil və güclü olub və NATO-nun hərəkətləri daha radikal ola bilər. Əvvəllər ABŞ siyasəti münaqişənin Rusiya ilə alyans arasında birbaşa qarşıdurmaya çevrilməsinin qarşısını almağa yönəldiyi halda, prezident Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyəti barədə açıqlaması "potensial təhlükəni vurğuladı”, bundan sonra "NATO daha cəsarətli oldu”, - məmur izah edir. 

Kiyev dəfələrlə bəyan edib ki, müharibənin başa çatması yalnız Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması ilə mümkündür. Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb ki, əks halda münaqişənin dondurulacaq, lakin həll olunmayacaq. 

Öz növbəsində Putin bildirib ki, Kiyevlə sülh danışıqları yalnız "geosiyasi reallıqlar”ın tanınmasından sonra mümkündür, yəni Zelenski Ukraynanın ərazisinin 20%-ni təşkil edən 4 rayonunun ilhaqına razı olmalıdır.

Nizami Bağırov