Dünya 13:14 16.03.2023

ABŞ PUA-sının vurulması qərarını şəxsən Putin verib? - NBC

Rusiya qırıcılarının Qara dəniz üzərində ABŞ-ın MQ-9 Reaper pilotsuz uçuş aparatına qarşı aqressiv hərəkətləri Kremldə ən yüksək səviyyədə qəbul edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

İki rəsmiyə görə, kəşfiyyat hesab edir ki, Rusiya PUA-nı kursdan kənara çıxarmaq və ya onun müşahidə imkanlarını neytrallaşdırmaq niyyətində olub. 

Bir məmurun fikrincə, bu, "Rusiya rəhbərliyinin müdaxilədə aqressiv hərəkət etmək niyyəti" idi.

Rəsmilərdən biri deyib ki, göstərişin şəxsən Vladimir Putindən gəldiyi barədə məlumatı yoxdur. Digər rəsmilər pilotsuz uçuş aparatına hücum qərarının "ən yüksək səviyyədə" verildiyindən başqa təfərrüat verməkdən imtina ediblər.

Eyni zamanda telekanalın həmsöhbətləri bildiriblər ki, Rusiya Federasiyasının məqsədi PUA-nın məhv edilməsi olmayıb, bu, daha çox pilotun səhvi olub. Bunu CBS telekanalının hadisənin simulyasiya edilmiş videosu sübut edir.

Müdafiə Nazirliyinin üç rəsmisi və Co Bayden administrasiyasının bir rəsmisi də rusiyalıların MQ-9 Reaper-in qəzaya uğradığı yerə artıq gəldiyini bildirib. ABŞ rəsmiləri gəmi və təyyarələrlə birlikdə qalıqları aktiv şəkildə axtardıqlarını, lakin onun tapılmasına dair heç bir əlamət görmədiklərini deyirlər.

Kəşfiyyat məlumatları ilə tanış olan üç ABŞ rəsmisinin sözlərinə görə, ABŞ çətin ki, pilotsuz təyyarənin qalıqlarını sudan çıxarılmasına çalışsın.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı bildirib ki, martın 14-də səhər saatlarında Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında standart əməliyyatlar həyata keçirən MQ-9 Reaper PUA-sını təhlükəli şəkildə yaxınlaşıb. Bir Su-27 MQ-9-nun vintinə dəyib və ABŞ hərbçiləri onu dənizə endirməyə məcbur olublar.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, onlar pilotsuz uçuş aparatı ilə "təmasda olmayıblar" və o, "kəskin manevrlərdən" sonra "hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib".

Hadisədən sonra ABŞ Dövlət Departamenti Rusiya səfirini çağırıb. Pentaqonun məlumatına görə, Su-27 qırıcısının PUA-ya edilən hücumdan sonra zədələnməsi ehtimalı var. ABŞ MQ-9 Reaper-in "yanlış əllərə" düşməməsi üçün addımlar atıb və onun kəşfiyyat dəyərini minimuma endirib. Ağ Ev ABŞ-ın Qara dənizdə qəzaya uğrayan pilotsuz uçuş aparatını tapa biləcəyinə əmin deyil.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, rusiyalılar batmış ABŞ pilotsuz uçuş aparatını sudan qaldırmaq istəyirlər.
CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ Reaper-in məxfi proqram təminatını uzaqdan silib.

Nizami Bağırov