Dünya 20:04 06.06.2023

ABŞ türk aviaşirkətinə "Boeing"lə Rusiyaya uçmağı qadağan etdi

ABŞ hakimiyyəti Türkiyənin "Southwind Airlines" aviaşirkətinə Amerikanın "Boeing 737 MAX" təyyarələri ilə Rusiyaya uçuşunu qadağan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti Rusiya daşıyıcıları arasında iki mənbəyə istinadən yazır https://iz.ru/1523694/anastasiia-lvova/vetrom-zadulo-ssha-zablokirovali-polety-turetckoi-southwind-v-rf-na-boeing-737-max .

Onların sözlərinə görə, şirkət artıq satılan biletlərlə sərnişinlərinin daşınması xahişi ilə onlara müraciət edib. 

"ABŞ birbaşa qadağa tətbiq edə bilmədiyi üçün çox güman ki, onlar "Southwind"i sanksiyalarla hədələyiblər və ya onun öz təyyarələrinə xaricdə xidmət göstərməsini qadağan ediblər", Rusiya aviaşirkətlərindən birinin top meneceri bildirib.

Bununla belə, ABŞ Ticarət Nazirliyinin Sənaye və təhlükəsizlik bürosunun martın 3-də dərc etdiyi son sanksiya siyahısında "Southwind"in heç bir təyyarəsi yoxdur.

"Southwind Airlines" 2022-ci ildə "Pegas Touristik" səyahət holdinqi tərəfindən rusiyalıları Türkiyə kurortlarına daşımaq üçün yaradılan türk çarter aviaşirkətidir. Aviaşirkətin donanması qismən Rusiyanın "Nordwind Airlines" şirkətinin ("Pegas Touristik" holdinqinin bir hissəsi) keçmiş təyyarələrindən ibarətdir. Daşıyıcının donanmasına üç "Boeing 737 MAX" daxil olmaqla səkkiz "Airbus" və "Boeing" daxildir. Onlardan ikisi bu yaxınlarda Rusiyaya uçuşlar həyata keçirib. Hər ikisi ABŞ-ın "Air Lease Corporation” lizinq şirkətinə məxsusdur. Xüsusilə, təyyarələr Ufa, Samara, Novosibirsk, Orenburq, Kalininqrad və Nijni Novqorod istiqamətlərinə həftədə 10-12 gediş-gəliş uçuşları həyata keçirib. İyunun 1-dən onlar Almaniya və İsveçrəyə uçuşlar edib.

"Narahatedici bir sual var: amerikalılar nə qədər irəli getməyə hazır olacaqlar? "Southwind" bazar üçün o qədər də kritik deyil, digər türk və rus aviaşirkətləri daha çox sərnişin daşıyır”, deyə Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti bildirir. 

"Aviaport” agentliyinin icraçı direktoru Oleq Panteleyev bildirir ki, əsas problem "Southwind"də deyil, ABŞ-ın Rusiyaya və Moskvanın qarşılıqlı əlaqədə olduğu üçüncü ölkələrə təzyiqlərini davam etdirməsindədir. Onun sözlərinə görə, çətin ki, ABŞ Türk Hava Yollarına təzyiq göstərə bilsin, lakin Rusiya bazarının vacib olduğu digər aviadaşıyıcılara zərbə vurula bilər.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra ABŞ və Aİ Rusiyanın aviasiya sənayesinə qarşı sanksiyalar tətbiq edib. Rusiya aviaşirkətlərinin təyyarələri xaricdə həbs olunmağa başlayıb və onlara texniki xidmət göstərilmir. Buna görə də, "Boeing" və "Airbus"un əksəriyyəti Rusiya ərazisini tərk etmir və yalnız daxili reyslər həyata keçirir.

Nizami Bağırov