Dünya 17:00 01.12.2022

ABŞ Ukraynanın hərbi təlim proqramını kökündən genişləndirəcək

ABŞ Almaniyanın Qrafenvöhr şəhərindəki bazasında ayda 2500-ə qədər ukraynalı əsgərə təlim keçməyə hazırlaşır. Müvafiq təklif ABŞ prezidenti Co Baydenin administrasiyasında nəzərdən keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN bir neçə məlumatlı mənbəyə istinadən yazır.

Qərar qəbul olunarsa, təkcə təlim keçəcək ukraynalı döyüşçülərin sayı deyil, həm də təlim növlərinin sayı artacaq. Fevralın 24-də müharibə başlayandan bəri ABŞ kiçik qruplar halında gələn yalnız bir neçə min ukraynalı əsgərə xüsusi silah sistemləri üzrə təlim keçib.

Yeni proqramda Ukrayna əsgərlərinin böyük qruplarına daha mürəkkəb döyüş taktikaları, o cümlədən artilleriya dəstəyi ilə piyadaların manevrlərinin əlaqələndirilməsi üzrə təlimlər keçiriləcək. Mənbələrdən biri bildirib ki, bu, ukraynalı döyüşçülərin Polşada və ya Böyük Britaniyada aldıqları təlimdən "daha intensiv və əhatəli" olacaq.

Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, ABŞ daim "ukraynalıların döyüş meydanında uğur qazanmaq üçün lazım olan bacarıqlara malik olmasına əmin olmaq üçün yollar” axtarır.

ABŞ rəsmiləri deyirlər ki, Ukrayna Silahlı Qüvvələri indi cəbhə bölgəsində canlı qüvvəsinə və təlim ehtiyacı arasında qalıb. Ona görə də cəbhədə sakitliyin gözlənildiyi qış dövrü daha intensiv məşqlərə imkan yarada bilər.

Almaniya qeyd edib ki, indiyədək ABŞ-dan Ukrayna əsgərlərinin Qrafenvöhrdə təlim keçməsi ilə bağlı rəsmi müraciət almayıblar. "Biz bu barədə rəsmi müraciət almamışıq. Amma ümumilikdə bu, Ukraynanı dəstəkləmək üçün ümumi səylərimizə tam uyğun görünür”, – adının açıqlanmayan alman rəsmisi bildirib.

Mütəxəssislər sözügedən "ümumqoşun hazırlığının" nə qədər həlledici əhəmiyyət daşıyacağını deyə bilmirlər. Hərbi-dəniz analizi mərkəzinin eksperti Maykl Kofman bildirib ki, indiyədək Rusiya və Ukrayna orduları artilleriya vasitəsi ilə tükəndirmə müharibəsi aparıblar. "Ukraynalılar kifayət qədər artilleriya sursatına malik olmadıqları təqdirdə ümumqoşun manevrlərində o qədər də təsirli olmayacaqlar", - Kofman vurğulayıb.

Nizami Bağırov