Ekonomiks 14:27 22.11.2023

Abşeron və Binəqədinin bu ərazilərinin Sumqayıta birləşdirilməsinə başlanıldı

Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıt şəhərinin inzibati ərazisinə birləşdirilməsi prosesinə başlanılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qanun layihəsinin qəbulundan sonra həmin ərazilər artıq Sumqayıta verilib.

E.Qocayev bununla yanaşı xatırladıb ki, qanun layihəsində qeyd olunan ərazilərdə yaşayan əhalinin sosial təminatı, kommunal və digər xidmətləri həmişə Sumqayıt şəhərində fəaliyyət göstərən müvafiq dövlət idarələri tərəfindən həyata keçirilib: 

"Buranın sakinlərinin Sumqayıt şəhərindəki xidmətlərdən istifadə etməsinə baxmayaraq bu ərazilər Binəqədi və Abşeron rayonlarına aid idi. Qanun layihəsinin qəbulundan sonra bu ərazilər artıq Sumqayıta aiddir, eyni zamanda xidmət sahələri də əvvəlki kimi Sumqayıtla bağlı olacaq".

İcra Hakimiyyətinin sözçüsü vurğulayıb ki, sözügedən ərazilər Novxanı istiqaməti üzrə və Yaşma qəsəbəsi istiqaməti üzrə sahəni əhatə edir: "Qeyd etdiyimiz kimi, bu ərazilərdə yaşayan əhalinin sosial təminatı, kommunal və digər xidmətləri onsuz da hər zaman Sumqayıtdakı müvafiq idarələr tərəfindən həyata keçirilib. İndi isə sadəcə olaraq kadastr işləri aparılıb və ərazilər xəritə üzrə bizə verilib".