Amal Abuşov
İdman 13:17 24.10.2022

Acı gerçəklərlə Barış(mışıq), (sayın) Şimşək

Türkiyə Super Liqasında dünən oynanılan "Qalatasaray” - "Alanyaspor” qarşılaşması qardaş ölkənin gündəmini silkələyib. Meydan sahibləri 2:0 öndə olarkan görüşün hakimi Ali Palabıyık əlini cibinə atıb və ordan qırmızı vərəqə çıxarıb. Ali bəyin "qırmızı üzünü” "Qalatasaray”ın futbolçusu Saça Boey görüb. Buna qədərsə hakimlər "Qalatasaray”ın vurduğu qolların birini də ləğv ediblər. Azlıqda qalan "aslanlar” 90+1-ci dəqiqədə qapılarında gördükləri ikinci qolla üstünlüyü əldən verib, meydandan heç-heçə ilə ayrılıblar.

Hələ oyunun gedişində İstanbulda yaşayan dostumdan "indi "Qalatasaray” qalib gələ bilməyəcəkmi?” deyə soruşdum. Türkiyə futbolunun altını da, üstünü də bilən dostumun cavabı qısa oldu: "hakimlərdən asılıdı”. Onun bu sözlərinə təəccüblənmişdim. İnanmamışdım ki, "sarı-qırmızılar” ovcunun içindəki qələbəni əldən verə bilərlər. Amma adamın da bir bildiyi varmış. Bilirmiş ki, türkiyəli hakimlər necə istəyirsə, nəticə də o cür olur. Lap istəyir "Barselona” ilə "Mançester Siti”ni gətir Türkiyə çempionatında oynasınlar. Türkiyəli ədalət təmsilçiləri fitlərini necə çalsalar, nəticə də elə olacaq. İstəsələr Haalandın bütün qollarını "oyundan kənar vəziyyətə” salarlar, özünü də qırmızı vərəqə ilə meydandan qovacaqlar. "Məkanın sahibi” onlardı.

Dünən gecədən bəri Türkiyə mətbuatı, televiziyalar bu məsələni müzakirə edir. "Qalatasaray” tərəfi işi böyüdüb, lazım gəlsə, çempionatı tərk edə biləcəklərinə işarə vururlar. Azərbaycan futbolu da eyni gündədi, hələ deyərdim ki, bizdə hakimliklə bağlı məsələlər ordan da biabırçı vəziyyətdədi. Fritz Stuxlik Azərbaycan hakimliyinə elə ağır zərbələr vurub ki, tezliklə bu böhrandan çıxa biləcəyimizə inanmıram. Dağdan ağır FİFA referisi Rəhim Həsənov yaşının ən yaxşı vaxtında hakimliyi buraxdı. Adamı bu sahədən elə iyrəndirdilər ki, başını aşağı salıb, məktəbdə idman müəllimi işləyir. İllərini verdiyi, xeyli uğur qazandığı sahəni bircə ilin içində adamın gözündən saldılar. Stuxlikin "seçib bəyəndikləri” indi bizim hakimlikdə meydan sulayırlar. Cavid Cəlilov adında biri var, Stuxlikin yanında tərcüməçi kimi fırlanırdı. Bu yaxınlarda görürəm ki, hansısa qarşılaşmanın baş hakimidi. Hardan hara gəldi, hansı uşaq komandalarının oyununda hakim kimi püxtələşdi? Heç xəbərimiz olmadı. Hələ digərlərini demirəm.

Stuxliki yola salandan sonra ixtiyar sahibi türkiyəli Barış Şimşəkdi. Türkiyənin öz hakimliyi belə fərazan gündədi ki, Şimşək də bizim hakimliyimizi ağ günə çıxaracaq? Adamın öz ölkəsində hakimliklə bağlı qalmaqal yaşanan tur yoxdu e. Barış bəy ötən həftə televiziyaya çıxdı və dedi ki, FİFA referisi Elçin Məsiyevin Coşqun Diniyevi meydandan qovması xeyli sərt qərar olub. Biri sərtdi, biri yumşaqdı... bəs bundan əziyyət çəkənlərin, haqqı yeyilənlərin dərdinə kim əlac edəcək?

"Şamaxı”-"Qəbələ” qarşılaşmasının son saniyələrində top cərimə meydançasında meydan sahiblərinin müdafiəçisi Cəlal Hüseynovun əlinə dəydi. Amma Rauf Allahverdiyev heç VAR-a baxmağa ehtiyac duymadan penalti olmadığını bildirdi. Dünən keçirilən "Səbail” - "Şamaxı” oyununda İnqilab Məmmədov köməkçisi Cavanşir Yusifovla hoqqa çıxardı. Yenə də görüşün son saniyələrində "Səbail” topu autdan oyuna daxil edib, hücuma keçmək istəyəndə hakimlərin səhvinə şahidlik etdik. Yusifov futbol dünyasında ilkə imza atıb, aut atışı zamanı oyundan kənar vəziyyət qeydə aldı. İnqilab Məmmədov da onun bayrağına baxıb, fitini çaldı. İki turdu hakimlər "Şamaxı”nı "qoruyur”. Amma elə gün gələcək ki, elə həmin adamlar "Şamaxı”nın haqqını yeyəcəklər...

Azərbaycan futbolu belədi. Burda ədalət axtarmaq gərəksiz məşğuliyyətdi. Acı gerçəkliklərlə barışmaq lazımdı. Neçə il Fritz Stuxliki bəsləmişik, bir az da canı canımızdan, qanı qanımızdan olan Barış Şimşək səfa çəksin.
.
Amal Abuşov