Maqazin 12:20 26.11.2022

Adaş olduğu şəxslərlə davaya çıxan tanınmış müğənni... - Onun psixoloji problemi var?

"Əsassız bir iddiadır. Yəni hər kəsin Azərbaycan qanunvericiliyinə görə ad və soyadı, üstəlik bu adı daşımağa haqqı var”.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Əməkdar artist Şəbnəm Tapdığın müğənni Şəbnəm Tovuzluya qarşı adının dəyişdirilməsi tələbinin hüquqi tərəflərindən danışarkən deyib. Sənətçi bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, heç bir şəxs kiməsə deyə bilməz ki, sən adını dəyiş, bu ad mənimdir:

"Onların heç birini tanımıram, amma güman edirəm ki, tələbi irəli sürənin psixoloyi problemləri var. Başqa cür buna ad qoymaq olmur. Heç yerdə belə şey yoxdur, adını dəyiş nədir? Görünür, tələb edən daha əvvəl səhnəyə gələnlərdir, populyar deyil, bu biri isə daha populyardır. Bu üzdən ehtimal edirəm ki, psixoloji problemlərdir”.

Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzluya qarşı adının dəyişdirilməsi tələbini irəli sürüb. Sənətçi ona adını Şəbnur qoymasını təklif edib.

Şəbnəm Tovuzlu isə bu adın ona rəhmətlik anasının qoyduğunu deyib:

"Heç vaxt dəyişmərəm, ölənə kimi bu adla qalacağam. Şəbnəm Tapdığın özünə də demişəm ki, adımı sizə görə qoyublar. Aramızda ad üstündə mübahisə də olub. Ona hörmətsizlik etmərəm, nə istəsəniz edərəm, bircə adım yox”.

Bahar Rüstəmli