Aqşin YENİSEY
Ölkə 10:35 15.04.2023

Adəm yaşca tanrıdan böyükdür

Bəzən savadlı adamların da din və inanc haqqında danışarkən onları bir-birindən ayıra bilməməsi təəssüf doğurur. Məsələn, son günlər dini uniformalı insanların casusluqda şübhəli bilinərək təhlükəsizlik orqanları tərəfindən saxlanılmasının məqsədli və muzdlu dəstələr tərəfindən inanclı insanlara qarşı təhdid kimi təbliğ olunması cəmiyyətdə bir fikir bulanıqlığı yaradıb. 

İnanc və din fərqli anlayışlar olduğu kimi, inanclı ilə dindar da fərqli adamlardır. 

Dünyada heç bir din və onun qaydaları olmayanda inanclar var idi. Din inancın sonradan (ağalar tərəfindən) institutlaşdırılmasıdır, təsərrüfatlaşdırılmasıdır, alver və istismar formasına çevrilməsidir. Eyni münasibət dil və filologiya arasında da keçərlidir. Filologiya olmayanda da dil vardı, filologiya dili konseptuallaşdırdı, elmi təlimə çevirdi. Dil sosial zərurətdən yaranmışdı, filologiyanı siyasi zərurət yaratdı. Şərqi daha yaxşı öyrənib daha rahat sümürmək üçün Şərq xalqlarının dilini öyrənən orientalist Qərb institutları XVIII əsrdən başlayaraq sanskrit kimi "ölü dilləri” belə dirildən filoloji Şeyx Nəsrullahlar yetişdirməyə başladılar. 
İnanc nəyə inanmaqdır, din necə inanmaq. Yəni inanc yöndür, din yöntəm. Dini ruhdan, bədəndən çox uniforma ilə maraqlandırır. Çox vaxt haqlı olaraq Avropa alimlərini irqçilikdə günahlandırırlar, amma irqçiliyin kökü dinlərdən gəlir. Zərdüştlük farsları, musəvilik yəhudiləri, islam ərəbləri seçmişdi. Bəşərilik hər bir dinin ilahi məqsədi yox, imperativ iddiasıdır.  

İnanc təbii bir hissdir, psixoloji, mənəvi ehtiyacdır, insanın ruh halının ifadəsidir, ekzistensial mahiyyətidir.  Dünyada nə vaxtsa heç bir din olmayanda da inanc olacaq. 

Təsadüfi deyil ki, din çox vaxt inancın önünə inkivizitor libasında çıxır. Orta əsrlərdə dinin təqib etdiyi adamların çoxu inanclılar idi; dinin əmr etdiyi kimi yox, özünün dərk etdiyi kimi inananlar. Allahın peyğəmbərini çarmıxa göndərən adam onu allahın adından mühakimə edən bir dindar idi.

Dindar inanclı olmaya da bilər. Necə ki filoloqların çoxu dili hiss etmir. Və adətən inanclılar da dinin və dindarlığın fövqünə qalxmış adamlar olurlar. 

Çox vaxt dolların üstündəki ingiliscə "İN GOD WE TRUST” ("biz ALLAHa inanırıq”) yazısını ABŞ cəmiyyətinin dindar olması kimi qələmə verirlər. Bu ABŞ tarixini bilməməkdən iraıli gəlir. ABŞ cəmiyyəti dindar yox, inanclı cəmiyyətdir. Məşhur ABŞ yazıçısı, alimi Doukinzə görə, Kolumbun arxasınca yeni qitəyə köçənlər özləri ilə Avropadan tanrıdan başqa heç bir dini-mistik, mifik miras aparmamışdılar. Onların çoxu Avropa inkivizisiyasının canlı şahidləri idilər və yeni qitədə belə bir dinlə yenidən qarşılaşmaq istəmirdilər. ABŞ-ın ilk sakinləri üçün nə yerdə, nə göydə "allahdan başqa allah yox idi”.  

Türklərə gəlincə, türklərin tarixini oxuyanlar bilirlər ki, türklər dövlət və din seçimi qarşısında qalanda həmişə dinlərini güzəştə gediblər. Axırıncı belə hadisə 751-ci ildə Talas döyüşündən sonra oldu. Çinlilərlə türklər arasında baş verən Talas döyüşü elə bir döyüş idi ki, türklərin tarixi mövcudluğu həll olunurdu. 
Talasda müsəlman ərəblər türklərin tərəfindən döyüşdülər və Çin ordusu məğlub edildi. 

Və türklər özlərinin uzaq Asiya dinlərini islama güzəştə getdilər. Daha sonralar da Xəzərlər, Səlçuqlar öz dövlətlərini qorumaq üçün dəfələrlə dinlərini danışıqlar masasına qoydular. Niyə? Çünki türklər inanclı idilər, dindar deyildilər. Onları inancın forması, necəliyi maraqlandırmırdı. Onlar dini paltar kimi dəyişəndə inanclarını itirmirdilər. Amma bütün dinlər dinini dəyişənləri təhdid edir, ölümlə hədələyir. Çünki dinin çörəyi inancın formasından, hətta uniformasından çıxır. İnancını dinin öhdəliklərinə bağlamayan adam din üçün arzuolunmaz şəxsdir.    

Bu gün elm din deyil, inanc qarşısında acizdir. Dinin söykəndiyi bütün dayaqların bəşərin intellektual təkamülünün meyvələri olduğu çoxdan sübut olunub. Faktlar əsasında cild-cild kitablar yazılıb. Məsələn, keçən əsrin axırlarına doğru şumeroloqlar Şumer daş kitabələrində oxuyanda ki:

"Yer tanrıçası Ninhursaq tanrıların cənnətində səkkiz ağac əkdi və meyvələrini yeməyi tanrılara qadağan etdi. Müdriklik tanrısı Enki tamahını saxlaya bilmədi, iki sifəti olan vəzirinə dedi ki, yığ gətir o meyvələri yeyək, onsuz da, qalıb xarab olacaqlar. Qadağanı pozduğu üçün Ninhursaq Enkini lənətləyib getdi. Enkinin bədəni ağrımağa başladı. Ninhursağın ona yazığı gəldi, hər ağrıyan orqanından bir tanrı və bir tanrıça yaratdı ki, Enki sağalsın. Axırda ağrıyan bir qabırğa qaldı. Ninhursaq onu da bir tanrıçaya  çevirdi, adını da "Ninti" qoydu", Adəm və Həvva məsələsinin çoxallahlıq dövrünün mirası olduğu üzə çıxdı. Şumercə "Nin" qadın, "Ti" qabırğa demək idi. 

Sən demə, Adəm tək tanrıdan daha yaşlı imiş... və o, Adəmin deyil, Adəm onun yaranmasında əlindən gələni edibmiş...
 
Aqşin Yenisey