Xəbər lenti

Dünya 10:24 14.03.2024

Ağ Ev: "Bayden Putinin yeni "nüvə" bəyanatlarından xəbərdardır"

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı yeni açıqlamalarından xəbərdardır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin bəyanatında deyilir.

Ağ Ev qeyd edib ki, Putin Qərbi şantaj etməyə çalışır.

"Prezident, əlbəttə ki, xəbərdardır", - Jan-Pyer Ağ Ev rəhbərinin Putinin son nüvə təhdidləri barədə məlumatlı olub-olmaması ilə bağlı suala cavabında deyib.

O qeyd edib ki, Kreml rəhbəri müsahibəsində Rusiyanın nüvə doktrinasını təsdiqləyib. Bununla belə, onun ritorikası Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı münaqişə boyu ehtiyatsız və məsuliyyətsiz olaraq qalır.

Jan-Pyer ABŞ-ın nüvə strategiyasına düzəliş etmək üçün heç bir səbəb görmədiyini deyib və vurğulayıb ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.

Martın 13-də Rusiya prezidenti Vladimir Putin Qərbə xəbərdarlıq edib ki, Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır və ABŞ Ukraynaya qoşun göndərərsə, bu, müharibənin əhəmiyyətli dərəcədə eskalasiyası hesab olunacaq.

Fevralın 29-da Vladimir Putin Federal Məclisdə çıxış edərək, nüvə qüvvələrinin "tam hazırlığı" haqqında danışıb və NATO ölkələrinin hərbçilərinin Ukraynaya cəlb edilməsinə dair potensial qərarın nəticələri ilə bağlı hədə-qorxu gəlib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?