Dünya 14:10 24.11.2022

Ağ Ev Rusiyanın Ukraynada kimyəvi silah işlədəcəyindən ehtiyat edir – Politico

ABŞ prezidenti Co Baydenin administrasiyası narahatdır ki, Rusiya qüvvələrinin məğlubiyyəti davam edərsə, Rusiya "NATO ilə nüvə qarşıdurmasına getməzdən əvvəl” Ukraynada kimyəvi silahdan istifadə edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən altı məlumatlı mənbəyə istinadən "Politico” nəşri məlumat yayıb.
 
Nəşrin həmsöhbətlərinin fikrincə, ABŞ-da Rusiyanın belə bir hücumunun qaçılmaz olduğuna dair heç bir sübut yoxdur. Bir çox Pentaqon rəsmiləri hesab edir ki, qışda hərbi əməliyyatlar "dayanacaq və tərəflərdən heç biri böyük ərazini ələ keçirə bilməyəcək", - Politico yazır.

Eyni zamanda, bəzi yüksək rütbəli məmurlar hesab edir ki, "döyüş itkilərinin davam etməsi və ya Rusiya ordusunun tamamilə dağılması halında”, Rusiya kimyəvi silahdan, o cümlədən Aleksey Navalnının zəhərlənməsi zamanı istifadə edilən silahlardan istifadə edə bilər. 

Rəsmilərdən biri ehtimal edir ki, Moskva izləri asanlıqla gizlədilə bilən kimyəvi maddələrdən istifadə edə bilər ki, bu da "Qərb ölkələrinin Moskvanı günahlandırmasını çətinləşdirəcək”.

Politico xəbər verir ki, bəzi ABŞ rəsmilərinin bu qiymətləndirməsi Bayden administrasiyasını Rusiyanın potensial kimyəvi hücumuna hazırlaşmağa sövq edir. ABŞ-ın yüksək rütbəli məmurları həmçinin "ABŞ-ın həm potensial kimyəvi silah hücumlarına hazırlaşmaq, həm də onlara cavab verməklə bağlı yanaşmasının nəzərdən keçirilməsini tələb edirlər”.

Nizami Bağırov