İdman 14:45 16.12.2023

Ağdam-Xankəndi yolunda qəzaya düşən PFL əməkdaşları Bakıya gətirildi (YENİLƏNİB/FOTO/VİDEO)

Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya gətirilib.

Bu barədə Qaynarinfo-ya PFL-dən məlumat verilib.

Yaralılar "Liv Bona Dea Hospital"a yerləşdirilib.

11.55
 
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Trend-in sorğusuna cava olaraq TƏBİB-dən məlumat verilib.

Bildiririlib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:

"Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar".

Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

11.29
 
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində "Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

APA xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. 

Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. 

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır.

Qeyd edək ki, yaralılardan Elxan Səmədov Peşəkar Futbol Liqasının prezidentidir.