Ölkə 13:52 18.10.2022

Şagirdlərin ev tapşırığı yükü: Məktəblər qaydalara niyə əməl etmir? (ŞƏRH)

Məktəblərdə müəllimlər şagirdləri əlavə dərs vəsaitlərilə yükləməkdə davam edirlər. Bu hal özünü xüsusən də ibtidai siniflərdə göstərir. Uşaqlar dərsdən əlavə vəsaitlərlə yükləndiyindən həddən artıq yorulurlar. Bu isə onların sağlamlıq və psixoloji durumuna da mənfi təsir göstərir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhsil eksperti Nadir İsrafilov məktəblərdə əlavə dərs yükünün olmasını yolverilməz hesab edir:

"Əlavə dərs yükü olmamalıdır. 1999-cu ildə ölkədə islahat proqramı qəbul olunarkən, orada da məsələyə toxunularaq bildirilib ki, proqramlar, dərsliklər, əlavə vəsaitlər çox yüklüdür. Bunu həm ekspertlər, həm də rəsmilər səviyyəsində dəfələrlə etiraf ediblər. Amma təəssüf ki, hələ də məktəblərdə əlavə dərs vəsaitlərindən istifadə edilir. Əlavə dərs vəsaitləri əslində o qədər də vacib olmayan ikinci, üçüncü dərəcəli materiallarla doldurulur. İş dəftərlərinə də ehtiyac yoxdur”.



Ekspert qeyd edir ki, əlavə dərsliklərin olması kimlərinsə maraqlarına xidmət edir:

"Bu sahədə yaranan problemlərlə əlaqədar müvafiq nazirlik tərəfindən verilən əmrə əsasən, iş dəftərləri dərslik tədris kompleksindən çıxarılmalı idi. Əvvəlki dövrdə kurikuluma keçidlə bağlı dərsliklərdə müəyyən məsələlər öz əksini tapmamışdı. Ona görə də yeni dərsliklər hazırlanana qədər iş dəftərlərini yardımçı vəsait kimi təqdim etdilər. İndi isə yeni nəsil dərsliklər hazırlanıb. Belə olan halda iş dəftərlərinə ehtiyac yoxdur. Ona görə də nazirin xüsusi əmrilə iş dəftərləri dərslik tədris kompleksindən çıxarılıb. Buna baxmayaraq, müxtəlif məktəblərdə yenə də iş dəftərləri tələb olunur. Nazirlik isə iş dəftərləri çap etmədiyini, bunun nəşriyyatların öz təşəbbüsü ilə edildiyini deyir. Finlandiyada  ibtidai siniflərə ümumiyyətlə ev tapşırığı verilmir. Azərbaycanda isə tədris proqramından əlavə tapşırıqlar da verirlər. Bu, yolverilməzdir”. 

Həmsöhbətimiz dərs yükünün yüngülləşməsinin tərəfdarı oldunu deyir. Amma onun bəzi fənlərin tədrisdən çıxarılması ilə deyil, fənlərdəki lazımsız, artıq materialların dərslikdən çıxarılması ilə həllini daha vacib sayır:

"Əlavə dərs vəsaitləri yığışdırılımalıdır. Uşaqların istirahətinə geniş yer verilməlidir. Problemin həlli üçün guya iş gedir. Orta məktəblərdə keçirilən fənlərin sayının azaldılması məsələsi qoyulub. Bu yolla dərs yükünü müəyyən qədər azaltmağı düşünürlər. Ona görə də hazırda inteqrativ dərsliklər hazırlanır. Bir-birinə qohum fənlər birləşdirillərək, bir fənn formasında proqrama salınacaq. Məsələn, biologiya fənni ilə coğrafiya fənninin bir fənn əsasında keçirilməsi gözlənilir. Hansısa fənnin tədris proqramından çıxarılması doğru deyil, əksinə hansısa fəndəki artıq, şagirdə lazım olmayan ikinci, üçüncü dərəcəli materiallar çıxarılmalıdır ki, tədris proqramı yüngülləşsin”. 

Rüfət Sultan