Dünya 09:11 03.11.2023

Aİ-də qeyri-qanuni miqrant problemi... - Avstriya ilk ölkə olacaq

Böyük Britaniya və Avstriyanın daxili işlər nazirləri Suella Braverman və Gerhard Karner əməkdaşlıq sazişi imzalayıblar. Bu saziş, xüsusilə qeyri-qanuni miqrantların üçüncü ölkəyə deportasiyası üzrə birgə təcrübənin tətbiqini nəzərdə tutur.

Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər verir.
 
Britaniya keçən il qeyri-qanuni miqrantları Ruandaya deportasiya etmək üçün sxem təqdim edib. Həmin sxemə əsasən Ruanda müəyyən sayda sığınacaq axtaranları qəbul etməyə və Britaniya miqrasiya orqanlarının qərarına qədər onları yerləşdirməyə razılıq verib. 

Miqrant Ruandaya deportasiyadan yalnız "ciddi və geri dönməz zərər” riskini sübut etdiyi halda ölkədə qala bilər.

Sxem hüquq müdafiəçiləri tərəfindən dəfələrlə tənqid edilib, belə ki, o, miqrantların sığınacaq tələblərinə, o cümlədən məhkəmələrdə ədalətli baxılması hüquqlarını pozur. Avropa İnsan Haqları Məhkəməsi Britaniyaya bir neçə dəfə miqrantları Ruandaya deportasiya etməməyi barədə qərar verib. 

Avstriya Britaniyadan başqa qeyri-qanuni miqrantların üçüncü ölkəyə deportasiyası sxemini həyata keçirən ilk Avropa ölkəsi olacaq. 

Avstriya sxemi Britaniya sxemindən onunla fərqlənəcək ki, üçüncü ölkəyə deportasiya edilən insanların sığınacaq iddiaları təmin edilərsə həmin şəxslərin Avstriyaya qayıtmasına icazə veriləcək. İmtina edilənlər vətənə qaytarılacaq.

Avstriya, həmçinin Aralıq dənizi ölkələrindən və Aİ-nin şərq sərhədlərindən artan miqrantların sayının aradan qaldırılmasına yönəlmiş dəyişikliklərin bir hissəsi kimi Aİ-ni Avropada üçüncü ölkəyə deportasiya sxemi tətbiq etməyə çağırır.

Nizami Bağırov