Dünya 15:45 05.03.2024

Aİ “hərbi iqtisadiyyat rejiminə” keçir - "Reuters"

Martın 5-də Avropa Komissiyası Aİ ölkələrinə hərbi sənayenin mümkün qədər tez "hərbi iqtisadiyyat rejiminə” keçə bilməsi üçün onun stimullaşdırılması planını təklif edəcək. Buna Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Aİ rəsmilərinin sözlərinə görə, Avropa İttifaqının sənaye üzrə komissarı Tyerri Breton Aİ ölkələrini Avropa şirkətlərindən daha çox silah almağa təşviq edəcək və bu cür şirkətlərin istehsal gücünü artırmağa kömək edəcək təkliflər verəcək. 

"Biz paradiqmanı dəyişdirməli və müharibə iqtisadiyyatı rejiminə keçməliyik. Bu həm də o deməkdir ki, Avropa müdafiə sənayesi bizim dəstəyimizlə daha çox risk almalıdır”, - Breton bildirib.

Bretonun təkliflərinə ABŞ hərbi texnikasının xaricə satışı sxeminin Avropa versiyasının yaradılması daxildir. Başqa bir təklif Aİ-yə böhran və ciddi çatışmazlıqlar zamanı Avropa silah şirkətlərini Avropa sifarişlərinə üstünlük verməyə məcbur etməyə imkan verəcək.

İddialara görə, Avropa Komissiyası Ukraynanın birgə satınalma və istehsal gücünü artırmaq üçün təklif olunan yeni sxemlərdə iştirak etməsini istəyir.
"Burada bizim missiyamız Ukraynaya az qala Aİ üzvü kimi yanaşmaqdır”, - adının açıqlanmasını istəməyən bir məmur deyib.

Nizami Bağırov