Dünya 18:51 29.12.2022

"Aİ-yə namizəd statusu Saakaşvilinin azadlığından asılıdırsa..." - Kaxa Kaladze

Avropa İttifaqına namizəd statusu Mixail Saakaşvilinin azadlığından asılıdırsa, onu özlərinə saxlasınlar.

Qaynarinfo xəbər verir ki, bunu Tiflis meri və "Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib.
 
"Kimsə deyir ki, Mixail Saakaşvilini azad etməsək, Gürcüstan Aİ-yə namizəd statusu almayacaq. İstəyirsinizsə, mən sizə öz münasibətimi deyə bilərəm: biz belə statusu qətiyyən istəmirik, əgər bu şərtdirsə, qoy özlərinə saxlasınlar!”, deyə gürcü siyasətçi bildirib.

Tiflis meri qeyd edib ki, ölkə vətəndaşları ilk növbədə Konstituisyaya, qanunlara riayət etməlidir və Gürcüstan Aİ-yə qəbul edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri icra edəcək:

"Bizim konstitusiyamız var, qanunlarımız var ki, biz bu ölkənin vətəndaşları ilk növbədə onlara əməl etməliyik. Ölkəyə, hökumətə gəlincə, biz 12 bəndin icrasını öz üzərimizə götürmüşük. Buna uyğun olaraq  üzərimizə düşəni edəcəyik və hər şey ediləcək ki, Gürcüstan Avropa və Avropaya inteqrasiya adlı böyük bir ailənin üzvü olsun. 2012-ci ildən bu yana çox işlər görmüşük".

Kaladzenin fikrincə, Saakaşvilinin Gürcüstana gəlişi PR kapmaniyadır.

"Onun gətirilməsi rüsumsuz məhsul kimi planlaşdırılıb və bu gün gördüyümüz məqsədli PR kampaniyasıdır... Gürcü xalqına, ölkəmizin əhalisinə öz siyasəti və yaradıcılığı ilə "Milli Hərəkat”dan artıq ziyan vura biləcək elə bir adam yoxdur”, deyə hakim "Gürcü arzu” partiyasının baş katibi yekunlaşdırıb. 

Bir neçə gün əvvəl Avropa Parlamentində aparıcı fraksiya - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Sariuş-Volski bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti Gürcüstanın Aİ-yə üzvlüyünü təsdiq etməyəcək.

Nizami Bağırov