Siyasət 18:20 19.07.2022

Ali nümayəndə Azərbaycanın Ukraynaya dəstəyini haqqında: "Təşəkkürümü ifadə etdim"

"Azərbaycan Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız intensivləşir”.

Qaynarinfo xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

O bildirib ki, Aİ Cənubi Qafqazın dinc və firavan region olmasını dəstəkləyir: "Bu məqsədlə tərəfdaşlarla dialoqun qurulması vacibdir. Aİ ilə Azərbaycan tərəfdaşlardır”.

Borrel Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcəyini bildirib. Ali nümayəndə məlumat verib ki, anlaşma memorandumu ilə 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz tədarükü iki dəfə artırılacaq.

Onun sözlərinə görə, görüşdə Azərbaycanla Aİ arasında gələcək dialoqun əsasını qoyacaq yeni sazişin imzalanması məsələsi də müzakirə olunub.

Borrel Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini də dəstəklədiyini bildirib.

"Görüşümüzdə mən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini bir daha pislədiyimizi bəyan etdim. Bu münaqişənin Cənubi Qafqaza da mənfi təsirləri var. Bu kontekstdə mən Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiyimiz bildirdim və təşəkkürümü ifadə etdim”, deyə Borrell əlavə edib.