Dünya 12:54 01.03.2023

Almaniya Çinə Rusiyaya dronların tədarükü ilə bağlı xəbərdarlıq etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Çinin pilotsuz uçuş aparatlarının Rusiyaya ixracı beynəlxalq hüququ pozacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Berbok qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin üzərinə xüsusi məsuliyyət düşür.

"Bu o deməkdir ki, Çin işğalçıya, beynəlxalq hüququ pozan aqressiv müharibə aparan dövlətə, prezidentə pilotsuz uçuş aparatları göndərə bilməz. Biz bunu izləyirik və bu cür dəstəyin beynəlxalq hüquqa uyğun olmadığını hər gün açıqlayırıq", - o deyib. 

Bundan əvvəl Vaşinqton bəyan edib ki, əgər Pekin müharibə aparması üçün Moskvaya öldürücü silah göndərsə, Çin şirkətləri və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.

ABŞ Çin hökumətinin Rusiyaya müharibədə istifadə üçün PUA və döyüş sursatları verməyi nəzərdən keçirdiyinə dair kəşfiyyat məlumatlarına malikdir.
Mənbələrin sözlərinə görə, Rusiya və Çin arasında avadanlığın qiyməti və miqdarı ilə bağlı danışıqlar hələ də davam etdiyindən Pekinin bu məsələdə yekun qərar verdiyi görünmür.

Nizami Bağırov