Ölkə 12:37 10.11.2023

Anasının məzarını ziyarətə gedən deputat: "Bunu ermənilərə bağışlamayacağam"

"Xankəndi azad olundu, Füzuliyə, Zəngilana, Laçına və digər ərazilərə insanlar köçürülür. Şuşa abadlaşdırılır, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı yenidən tikilir. Mən də Ağdamda–ata yurdumda gözə bir ev tikəcəyəm".
 
Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bildirib.

"Ağdamda Qaraağacı deyilən qəbiristanlığa anamla qardaşımın qəbrini ziyarət etməyə getmişdim. Təəssüflər olsun ki, onların məzarını tapa bilmədik. Çünki ermənilər həmin məzarlığı şumlayıblar. Onu heç vaxt ermənilərə bağışlamayacağam. 

Amma Goranboyda bir kənd var. Orada erməni qəbiristanlığı hələ də necə qoyub gediblərsə, elə də qalır. Mən həmin qəbiristanlıq barədə qəzetdə də yazı yazmışam. Axırıncı erməni qəbiri 1988-ci ildə salınıb orada. Həmin məzar bu gün də olduğu kimi qalır. Heç bir azərbaycanlı ölkədəki erməni qəbirlərinə toxunmayıb. Çünki biz anlayırıq ki, insan öləndə onun milləti olmur", - deputat əlavə edib.