İdman 17:54 24.08.2022

Aqil Abbas: “Futbol çox namərd oyundur, o isə allahın bacısı oğlu deyil”

"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu ”Viktoriya”ya 1:2 hesabı ilə məğlub oldu. Ağdam klubu bundan sonra mübarizəni Avroliqanın qrup mərhələsində davam etdirəcək. Təbii ki, "Qarabağ”ın beynəlxalq arenalarda, Avroanın nüfuzlu ikinci turnirində mübarizəni davam etdirməsi futbolsevərlərimiz üçün sevindiricidir. Ancaq bu məqamı birmənalı qarşılamayanlar da var. Daha doğrusu, "Viktoriya” ilə oyunda xüsusən də Şahruddin Məhəmmədəliyevin səhvi qabardıldı. Bəs futbola xüsusi marağıyla seçilən Milli Məclisin deputatı Aqil Abbas nə düşünür? 

Deputat "Viktoriya” ilə matç haqda Qaynarinfo-ya açıqlamasında fikirlərini bölüşüb:

"Gözəl oyun göstərdilər, sonacan döyüşdülər. Bu futboldu, bəxtləri gətirmədi, bir səhv ucbatından qol buraxdılar. Amma möhtəşəm oynadılar. Avropaya göstərdilər ki, "Qarabağ” futbol oynaya bilir. Onsuz da 9 ildir bunu sübut edirdilər. Uğurlar arzulayıram, yəqin ki, Avroliqada daha möhtəşəm oyunlar göstərərlər”.

O, buraxılan səhvə görə Məhəmmədəliyevin tənqid olunmasına münasibətini belə bildirib:

"Ay başınıza dönüm, bu futboldur. Qapıçı allahın bacısı oğlu deyil ki. Elə qapıçılar elə səhvlər edir ki! Braziliya millisinin qapıçısı Dünya Çempionatında Almaniya ilə oyunda 7 qol buraxmışdı. Onda belə çıxır, oynaya bilmir? Uşaq yıxıla-yıxıla böyüyür. Futbolçu da səhv buraxa-buraxa inkişaf edir. Bəs o zaman Şahruddinin məğlubiyyələrdən xilas etdiyi oyunlar nə tez yaddan çıxdı? Futbol çox namərd oyundur. Dünən çiynində gəzdirdiyini bir saatdan sonra təpik altına salıb tapdalaya bilərsən. Komanda uduzanda onun yanında olmaq lazımdır. Komandanı ruhlandırıb növbəti oyunlara hazırlamalısan. Kolumbiya millisinin qapıçısı Dünya Çempionatında qol buraxdığına görə güllələnmişdi. İndi biz də Şahruddini güllələyək? Adamın səhvi olar. Düzdür, gərək etməyəydi, amma buna görə onun linç, təhqir olunmasının əlehinəyəm. Qurban da çox sağ olsun ki, mətbuat konfransında Şahruddini müdafiə etdi”.

Deputat "Qarabağ”ın ÇL-in qrup mərhələsinə düşmək şansı olduğunu da bildirdi:

"Şans var idi, amma eybi yox, bu il olmadı, gələn il düşər. Təki komanda bu kökdə, səviyyədə qalsın. Amma necə qalsın? Dünən "Viktoriya”, Macarıstan çempionu ilə oynayan komanda Bakıda "Səbail”lə qarşılaşacaq. Səviyyə məsələsi var. Futbolu bilən adamam. Sizə bir şey deyim, təsadüfi komandalar çempion ola bilirlər. Necə ki, bir vaxtlar "Ararat” SSRİ çempionu olmuşdu. İkinci, üçüncü yeri tutan komandalar həmişə stabil olurlar. Çempion ola bilməsələr də, ikinci və ya üçüncü yeri tuturlar. Artıq Azərbaycan da buna çevrilib. "Neftçi”, "Qəbələ”, "Zirə”, "Qarabağ” daim stabildirlər. O cümlədən Avroliqada oynayanlar da elədir. Hamısı ölkələrində çempion olmuş və kuboku qazanmış güclü komandalardır. Komandanın üstünə çox getmək, futbolçunu ruhdan salmaq lazım deyil”.

Aqil Abbasın komandanı kəskin şəkildə tənqid edənlərə də öz üslubunda cavab verib:

"Gedin Qurbanı döyün, tapdalayın. Şahruddini, Kadini döyün. Komanda gedib Avropada qələbələr qazanırsa… Komanda Azərbaycan çempionatında "Şamaxı”, "Səbail” "Sumqayıt”la oynayır ey. Gedib İtaliya çempionatında oynamır ki. Vaxtilə Çexiyada olmuşam, komandanı Yablonets şəhərində yarışa aparmışam. Oradakı bazadan, stadiondan xəbəriniz varmı? Allahın balaca bir şəhəridir, amma Birinci Liqası var. Sənin heç Birinci Liqan da yoxdur. Adını Birinci Divizion qoyublar, lakin əsas komandaların əvəzediciləri oynayır. Böyür-başına da bir iki komanda qoşublar. Halbuki Almaniyada, İtaliyada nəinki birinci, ikinci liqalar, həvəskarların çempionatı var. Onlarda futbol inkişaf edir, yetişir. Stadionlarını gördünüz? Tamaşaçılarla futbolçuarın arasında 2 metr məsafə var. Amma bizim Bakı Olimpiya stadionunda azarkeşlərlə futbolçular arasında 50-100 metr məsafə qoyulub. Çempionatın səviyyəsi olmalıdır. "Qarabağ” başından yuxarı tullanmayacaq ki. Olan budur, biz də dəstəyimizi göstərməliyik”.

Səbuhi Həsənov