İdman 17:14 13.11.2023

Arif Əsədov: “Neftçi” necədirsə, elə də görünür”

Azərbaycan Premyer Liqasında maraqlı nəticələr görməkdəyik. Daim oyununa görə tənqid olunan komandalar var ki, bunlardan biri "Neftçi”dir. Son turda "Sumqayıt”a məğlub olduqdan sonra, geniş qınaqlara məruz qalan Bakı klubunun gələcəyi ilə bağlı birmənalı fikirlər səsləndirilmir və narahatlıqlar davam edir.

"Neftçi”nin sabiq futbolçusu, hazırda əsas millimizdə köməkçi məşqçi vəzifəsində çalışan Arif Əsədov da düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında, üç gün sonra növbəti beynəlxalq matçına çıxacaq yığmanın durumundan da danışıb.

"Hazırda fikrim millinin oyunlarına yönəldiyi üçün "Neftçi” ilə bağlı geniş danışmaq istəməzdim. Hal-hazırda klubun daxilində deyiləm, ona görə də hansı problemlər olduğunu deyə bilmərəm. Klubun idarə heyəti, baş məşqçisi var. Onlar problemləri daha yaxşı görüb, çözməyə çalışacaqlar. Kənardan baxdıqda, heç bir yaxşı oyun görmürəm, irəliləyiş yoxdur. Necədirsə, elə də görünür. Təbii ki, "Neftçi”nin keyfiyyətli futbolçuları var. Amma fəlsəfəsinə nə dərəcədə uyğundur, bunu baş məşqçi bilər. Mutu artıq xeyli vaxtdır komanda ilə işləyir, çempionatı "oxuyub” və hansı səviyyədə olduğunu bilir”.

Əsədov millimizin durumuna da toxundu. Hazırda İsveç və Belçika ilə matça kökləndiklərini deyən məşqçi zədəlilərin olduğunu da söylədi:

"Toplanışa başladıqdan sonra futbolçuların durumu ilə yaxından tanış olacağıq. Millinin oyununa çox az vaxt qalıb. Futbolçular çempionat oyunlarından sonra gəldikləri üçün ancaq bərpa və taktiki-nəzəri baxımdan çalışmalarımız olacaq. Bir də ki, baş məşqçi öz işini hansı yöndə aparmağı bilir. Futbolçuların çoxu Azərbaycan çempionatında oynayır. Dünən də çempionat oyunları oldu. Bu baxımdan çətinliklər var. Heyətə kim dəvət olunubsa, deməli layiqdir. Amma aralarında zədəlilər də var. Ona görə də baş məşqçi hər şeyi nəzərə alaraq geniş heyət dəvət edib”.

Mütəxəssis qarşıdan gələn oyunlarla bağlı düşüncələrini də bölüşdü:

"Son iki oyunun birində qələbə qazandıq. Böyükhesablı məğlubiyyətlər elə bir dönəmə düşdü ki, ölkə çempionatı bitmişdi. Kubok oyununa qədər isə ikihəftəlik fasilə vardı. Çox ağır an idi. İndiki halda həm komandanın, həm də futbolçuların daha yaxşı durumda olduğunu deyə bilərəm. Müsbətə doğru irəliləyiş var. Təbii ki, komanda meydana xal qazanmaq üçün çıxacaq. Başqa fikir ola bilməz. Bunu nə dərəcədə yerinə yetirəcəklər, zaman göstərəcək”.

Səbuhi Həsənov