Dünya 17:25 23.10.2023

"Artıq Amerika mərkəzli dünya nizamı olmayacaq" - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin yeni dünya nizamı ilə bağlı sözlərini şərh edib. Peskov bildirib ki, yeni dünya nizamına ehtiyac var, lakin bu, "bir dövlətin əlində” olmamalıdır. Dmitri Peskov qeyd edib ki, Rusiya hakimiyyəti "cənab Baydenlə razılaşır və bu, nadir haldır”.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant yazır.

Dmitri Peskov vurğulayıb ki, yeni dünya nizamı "beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və faydaya, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmalıdır”. Eyni zamanda, mətbuat katibi qeyd edib ki, Co Bayden ABŞ-ın onu qurmaq qabiliyyətinə diqqət yetirib. "Birləşmiş Ştatlar bu və ya digər şəkildə Amerika mərkəzli dünya nizamını nəzərdə tutur. Artıq belə olmayacaq”, – Dmitri Peskov vurğulayıb.

Xatırladaq ki, oktyabrın 21-də ABŞ prezidenti Co Bayden Vaşinqtonda seçkiqabağı ziyafətdə çıxış edib. Orada o, yeni dünya nizamının qurulmasının zəruriliyini və ABŞ-ın buna qadir olduğunu bildirib.

Nizami Bağırov