Dünya 10:34 27.01.2023

Arvadı və qızını parlamentdə işə götürən, Putini tərifləyən sabiq nazir həbs edildi

Cümə axşamı Paris məhkəməsi Fransanın keçmiş ədliyyə naziri, 75 yaşlı Mişel Mersyönü qohumlarını saxta yolla Senata işə götürməklə dövlət vəsaitlərini mənimsəməkdə ittiham edib və üç il müddətinə azadlıqdan məhrum olunub.

Qaynarinfo bu barədə "Le Figaro” nəşrinə istinadən xəbər verir.

2010-2012-ci illərdə Nikola Sarkozinin hökumətində çalışmış Mersyö 2005-2009-cu illərdə senator olarkən arvadı Joelə 50 min avro və 2012-2014-cü illərdə qızı Delfinə 37 min avro maaş ödədiyinə görə "dövlət vəsaitlərini mənimsəmək"də təqsirli bilinib.

Faktların "mübahisəsiz ciddi" olduğunu və Mersyönün "şəxsi mənafeyini ümumi mənafedən üstün tutduğunu" qərara alan məhkəmə, həmçinin keçmiş məmuru 50 min avro məbləğində cərimə, onu beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edib və dövlət orqanlarında hər hansı vəzifə tutmağa üç il qadağa qoyub.

Mersyö, həmçinin onun yanında artıq işləməyən bir köməkçisinə maaş verməyə davam etdiyi üçün dövlət vəsaitini səhlənkarlıqla mənimsəməkdə təqsirli bilinib. O, qeyri-qanuni faiz əldə etdiyinə görə də mühakimə olunub, lakin məhkəmə bu ittiham üzrə iddia müddətinin artıq başa çatdığını qeyd edib. 

Fransanın keçmiş ədliyyə nazirinin arvadı Joel və qızı Delfin pulların oğurluğunda və mənimsəməkdə əlbirçiliyə görə təqsirli biliniblər. Joel Sersye 18 ay sınaq müddəti və 40 min avro, Delfin isə bir il sınaq müddəti və 10 min avro cəriməyə məhkum edilib.

Məhkəmə prosesində keçmiş nazir qanunsuzluq etmək niyyətini inkar edib. O, 2012-ci ildən 2014-cü ilə kimi həmin vaxt Londonda yaşayan və heç vaxt Senatda olmayan qızının işə götürülməsini onun "mədəniyyət üzrə müşaviri” vəzifəsində çalışması ilə əsaslandırıb.

Delfin Mersye, öz növbəsində "köç zamanı" işi ilə bağlı bütün qeydləri itirdiyini iddia edib. Məhkəmə qərarında "bu ifadələrin heç bir mötəbərliyin olmadığını” qeyd edib.

Xatırladaq ki, Fransanın hazırkı ədliyyə naziri Erik Düpon-Moretti də maraqların toqquşması şübhəsi ilə xüsusi məhkəmə qarşısına çıxacaq. O, vəzifə səlahiyyətlərindən istifadə edərək məhkəmə sistemində şəxsi rəqiblərinə qarşı fəaliyyət göstərməkdə ittiham olunur. Dupon-Moretti özü bunu inkar edir.

Digər xəbərə görə, "Mediapart” nəşri əldə edilmiş bank sənədləri əsasında məlumat yayıb ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 il əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun qəbulunda iştirakı ilə bağlı 300 min avro alıb.

Jurnalistlər Sarkozinin 2018-ci ildə fondun Yeni il ziyafətindəki Rusiya və Vladimir Putin haqqında təqdirlə danışan çıxışından bir neçə ay əvvəl və sonra ümumi dəyəri 300 min avro olan iki transfer aldığını müəyyən ediblər.

Digər məsələlərlə yanaşı, o, "Rusiya yenidən əsas geosiyasi oyunçuya çevrilib, bu, onun yeri, tarixi rolu, taleyidir” deyib. Sarkozi həmçinin deyib ki, o, "həmişə Putinin dostu olub" və "mövqe fərqləri olsa belə, onunla danışmaq mümkündür".

"Mediapart" yazır ki, Sarkozi 2018-ci ilin oktyabrında Fransadakı hesabına 200.000 avro, 2019-cu ilin fevralında isə daha 100.000 avro alıb. Pul az tanınan "RS Capital Limited" firmasından gəlib. Jurnalistlər müəyyən ediblər ki, Rusiya Birbaşa İnvestisiya Fondunun BƏƏ-də qeydiyyatdan keçmiş eyni adlı törəmə şirkəti var.

Nikola Sarkozi bu pul köçürmələri ilə bağlı şərh verməkdən imtina edib.

Rusiya Birbaşa İnvestisiya Fondunun mətbuat xidməti "Mediapart"a, "cənab Sarkoziyə RDIF tədbirlərində iştirakı ilə bağlı heç bir ödəniş olmadığını" deyib və Sarkozi üçün bu transferlərin arxasında fondun dayanıb-dayanmaması sualına cavab verməyib.

Nizami Bağırov